Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Qafqaz regionunun digər ölkələri arasında enerji əməkdaşlığının genişləndirilməsi imkanları, eləcə də süni intellektin enerji sektorunda tətbiqinin perspektivləri mövcuddur.
Bunu AZƏRTAC-a açıqlamasılnda “National Energy Services Reunited” (NESR) şirkətinin sədri və baş icraçı direktoru Şerif Foda bildirib.
Onun sözlərinə görə, region ölkələri arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.
“Bu əməkdaşlıq kəşfiyyat və hasilatla yanaşı, emal və təchizat sahələrində müasir texnologiyaların tətbiqini əhatə edir. Hazırda əsas məsələlərdən biri enerji resurslarının təyinat məntəqələrinə təhlükəsiz şəkildə çatdırılmasıdır. Enerji resurslarının mümkün münaqişə zonalarından yan keçməklə istehlakçılara çatdırılmasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Qafqaz ölkələri, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlər və digər tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Belə tərəfdaşlıqlar regionda qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin inkişafına, eləcə də beynəlxalq enerji bazarlarında mövqelərin gücləndirilməsinə töhfə verə bilər”, - deyə Şerif Foda vurğulayıb.
Şirkət rəhbəri, həmçinin süni intellektin enerji sektorunda tətbiqinin üç əsas istiqamətini diqqətə çatdırıb: “Birinci istiqamət inzibati və dəstək proseslərinin təkmilləşdirilməsidir. Süni intellekt və digər müasir texnologiyaların tətbiqi bu sahələrdə fəaliyyətin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. İkinci istiqamət əməliyyat nəticələrinin əvvəlcədən proqnozlaşdırılması və qeyri-məhsuldar iş vaxtının aradan qaldırılmasıdır. Əməliyyatların maksimum səmərəliliklə həyata keçirilməsi, mümkün nasazlıqların əvvəlcədən müəyyənləşdirilməsi və iş prosesində vaxt itkisinin minimuma endirilməsi enerji sektorunda ciddi irəliləyişə səbəb ola bilər. Süni intellektin tətbiqində üçüncü mühüm istiqamət son 50-60 il ərzində toplanmış seysmik məlumatların yenidən emalı və təhlilidir. Müasir texnologiyaların köməyi ilə bu məlumatların təkrar qiymətləndirilməsi karbohidrogen ehtiyatlarının çıxarılma əmsalını artırmağa imkan verə bilər”.
O əlavə edib ki, ehtiyatların çıxarılma əmsalının yüksəldilməsi dünyada mövcud neft və qaz yataqlarının istismar müddətinin uzadılması baxımından mühüm əhəmiyyət daşıyır.