“Gələndən 160 ağac əkmişəm...” - Dörd dəfə yaralanmış qazinin Zəngilana qayıdış hekayəsi VİDEO
Zəngilan, 12 noyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş torpaqlarımızda həyatın yenidən canlanması 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ən böyük bəhrələrindəndir. Bu gün doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər illərlə həsrətində olduqları torpaqlarda yeni həyat qurur, gələcəyə ümidlə baxırlar. Zəngilan rayonunun Məmmədbəyli kənd sakini, müharibə qazisi Zakif Abbasov da bu qürurlu günləri yaşayanlardandır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1962-ci ildə Məmmədbəyli kəndində anadan olan Zakif Abbasovun döyüş yolu Birinci Qarabağ müharibəsindən başlayıb. Daxili Qoşunların xüsusi təyinatlı bölməsində hərbi xidmət keçən müsahibimiz Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin aprelində Papravənd kəndində ilk dəfə yaralanıb. Həmin ilin mayında isə Zəngilan istiqamətində döyüşlərdə kürək nahiyəsindən yaralanmasına baxmayaraq, yenə mübarizəsini davam etdirib.
Hərbi xidmətini başa vurduqdan sonra Zəngilan Rayon Polis Şöbəsində xidmətə başlayan Zakif Abbasov yenə döyüşlərdə iştirak edib, daha iki dəfə yaralanıb. Onun ən ağır döyüşlərindən biri 1993-cü il oktyabrın 25-də Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətində olub.
Zakif Abbasov həmin günləri belə xatırlayır:
“Zəngilan iki ay mühasirədə qaldı. Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam işğal olunmuşdu, Zəngilan əhalisi mühasirədə idi. İki ay məhdud sayda silah-sursatla döyüşdük.
Oktyabrın 25-də Cəbrayıl istiqamətindən ermənilər hücuma keçəndə bizə məlumat verildi. Zəngilan polisi olaraq Dərziliyə getdik. Kəşfiyyatın komandiri Baloğlan Süleymanov bizi qarşıladı və bildirdi ki, düşmən tərəfdən 7 tank, 3 piyada döyüş maşını və canlı qüvvə gəlir. Onlarla aramızda cəmi 200 metr məsafə qalmışdı.
Həmin qeyri-bərabər döyüşdə Baloğlan Süleymanov, 7 polisimiz, 9 əsgərimiz şəhid oldu. Səkkiz nəfər ağır yaralandı, onlardan biri də mən idim. 17 qəlpə yarası almışdım. Həmin vaxt yalnız yaralıları çıxara bildilər”.
Ağır yaralanan Zakif Abbasov əvvəlcə Mincivan qəsəbəsinə, oradan Araz çayının o biri sahilinə keçirilərək helikopterlə Bakıya aparılıb. Həmin vaxt ailəsi də məcburi köçkün düşüb. Bir neçə ay ailəsindən xəbər ala bilməyən qazi sonradan onların Sabirabad rayonunda məskunlaşdığını öyrənib və sağaldıqdan sonra ailəsinə qovuşub.

“Sağ olsun İmişli, Sabirabad camaatı, bizə qucaq açdılar. Sabirabadda yaşadıq, bir neçə ildən sonra Bakıya köçdük. Torpaqlarımız azad olunana qədər paytaxtda yaşadıq. Çox ağır vaxtlar keçirdik. Döyüşlərdə dörd dəfə yaralanmışdım, amma məni ağrılardan çox məcburi köçkünlük incidirdi. Torpaqlarımızın işğalda qalması mənə çox pis təsir edirdi.
Çox şükür bugünkü günlərimizə. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə, veteranlarımıza cansağlığı versin”, - deyə o bildirir.
Zakif Abbasovun sözlərinə görə, doğma yurda qayıdış onun üçün yalnız evə dönmək deyil, həm də illərlə içində daşıdığı Vətən həsrətinin sona çatmasıdır. Artıq bir ildir ki, Məmmədbəyli kəndində yaşayır. Burada onlara müasir, rahat evlər verilib. Qazinin kənddə yaratdığı bağ isə torpaqla yenidən qovuşmağın, doğma yurdda həyatın bərpasının rəmzinə çevrilib:
“Ali Baş Komandan evlərimizin açarlarını bizə təqdim edəndə söz verdim ki, Məmmədbəyli kəndi bir-iki ildən sonra, sözün yaxşı mənasında, Ağalı kəndini keçəcək. Doğrudan da, burada yaratmışıq, əkmişik, becərmişik. Bir ilin içində əkdiyimiz ağaclar boy atıb. Sanki torpaq bizim qayıdışımızı gözləyirmiş, biz gələndən sonra bizimlə barışdı. Nə əkirsən, bol məhsul verir.

Bura gələndə 30 kiloqram kartof əkmişdim, 230 kiloqram məhsul götürdüm. Qarpız, yemiş, balqabaq, pomidor, xiyar, bütün tərəvəzlərdən əkmişdik, çox gözəl bəhrə verdi. Gələndən 160 ədəd müxtəlif ağac əkmişəm. Hamısı calaq ağaclarıdır. Alma, gilas, armud, feyxoa və başqa meyvə ağaclarım var. İnanıram ki, gələn il hamısı bol məhsul verəcək”.
Kənddə həyatın yenidən canlanması Zakif Abbasovun ən böyük sevincidir. Səhər tezdən məktəbə gedən uşaqları gördükcə qürur duyur. 33 illik ayrılıqdan sonra Məmmədbəylidə yenidən məktəbli səsləri eşidilir, bayramlar, toylar keçirilir.
“Çox qürurluyam. Kəndimizə baxdıqca ürəyim açılır. Hər gün səhər tezdən uşaqlar məktəbə gedir, görüb qürur duyuram ki, 33 ildən sonra kəndimizdə həyat yenidən canlanıb. İnanırdım ki, bir gün bura qayıdacağıq. Ulu Öndərimizin bir sözü var idi, deyirdi hamı qayıdacaq öz torpağına. Biz qayıtdıq.
Bütün bayramları – Novruzu, çərşənbələri, Yeni İli burada qeyd edirik. Kəndimizdə toylarımız olub, Zəfər bayramımızı burada keçirmişik. Bu yaxınlarda Zəngilan Şəhəri Gününü də qeyd etdik. Bunların hamısı bizim üçün arzu idi, indi isə arzularımız gerçək olub”.
Müsahibimiz doğma yurda qayıdışın sevincini ailəsinin yaşlı üzvlərinin də gördüyünü qürurla söyləyir. Onun 87 yaşlı atası kəndə qayıdanda torpağı öpərək “Daha mənə ölmək yoxdur” söyləyib.
Zakif Abbasov bildirir ki, torpaqlarımız azad edildikdən sonra qaziliklə bağlı bədənindəki yaraların ağrı-acısını hiss etmir. Çünki artıq doğma yurddadır, öz evindədir, torpağındadır. Onun üçün bu qayıdış həm də 33 illik həsrətin, müharibənin və məcburi köçkünlüyün ağrısını geridə qoymaq deməkdir.
Müxbir - Aydın Yavərzadə