Lüksemburqun Baş naziri: Süni intellektə nəzarət üçün konsepsiyalar hazırlanmalıdır VİDEO
Dublin, 12 noyabr, AZƏRTAC
Bu gün müzakirə olunan əsas mövzular demokratiyanın gücləndirilməsi, enerji və ümumi təhlükəsizlikdir. “Avropa Siyasi Birliyi”nin Zirvə toplantıları bizim üçün çox vacibdir, çünki rəsmi iclaslardan əvvəl mövqelərimizi əlaqələndirmək imkanı əldə edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden deyib.
O qeyd edib ki, toplantılar çərçivəsində çoxsaylı ikitərəfli görüşlər keçirmək mümkündür. “Eyni zamanda, Avropanın süni intellekt sahəsindəki rolu barədə danışacağıq. Hesab edirəm ki, bu vacibdir. Çünki süni intellektin qarşıdakı illərdə həyatımızın bütün sahələrinə əsaslı təsir göstərəcəyini bilirik. Onun tətbiqinin yalnız sənaye üçün deyil, bütövlükdə cəmiyyət üçün, xüsusilə də tibdə böyük imkanlar yaratmasını təmin etməliyik”, - deyə Baş nazir bildirib.
Lyuk Friden bu sahədə artıq ilk müsbət inkişafların mövcud olduğuna diqqət çəkib. Onun sözlərinə görə, süni intellektə nəzarət üçün konsepsiyalar hazırlanmalıdır.