Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində media nümayəndələrinə kibertəhlükəsizlik istiqaməti üzrə maarifləndirici infosessiya təşkil olunub. Layihənin məqsədi jurnalistlərin rəqəmsal savadlılığının artırılması, informasiya təhlükəsizliyi və yeni texnologiyalardan təhlükəsiz istifadə sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın İdarə Heyəti sədrinin müavini Şahin Əliyev rəqəmsal texnologiyaların və süni intellektin inkişafı ilə əlaqədar kibertəhlükəsizlik risklərinin artmasına, xüsusilə media subyektlərinin informasiya təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkib. O, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetləri, qəbul edilmiş strateji sənədlər, İRİA-nın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
İnfosessiya çərçivəsində İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Daha sonra mərkəzin mütəxəssisi Ülkər Əmirova jurnalistlərin gündəlik iş prosesində süni intellekt alətlərindən təhlükəsiz istifadəsi, informasiya mənbələrinin məxfiliyinin qorunması və məlumatların üçüncü tərəflərə ötürülməsi ilə bağlı risklərə dair təqdimatla çıxış edib. Mövzunun mənimsənilməsi məqsədilə interaktiv oyun təşkil olunub. Tədbirin davamında mərkəzin baş mütəxəssisi Fərzəli Vəliyev süni intellekt alətlərindən istifadə zamanı yarana biləcək təhlükəsizlik riskləri barədə təqdimat keçirib. O, simulyasiya hücumları vasitəsilə mümkün kibertəhdidləri və onların nəticələrini əyani şəkildə nümayiş etdirərək risklərin qiymətləndirilməsi və onlardan qorunma yollarını izah edib.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb. “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində bu formatda maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.