Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 10 -12-də Yaponiyanın Himeji şəhərində Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatları, Koreya, İtaliya, Avstriya, Yaponiya və digər ölkələrin şəhərləri ilə bərabər, Dünya Tarixi Şəhərlər Liqasına üzv olan Şuşa da bu konfransda təmsil olunub. Tədbirdə şəhəri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova təmsil ediblər.
Konfrans çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsı Aydın Kərimovun Yaponiyanın Himeji şəhərinin meri Hideyasu Kiyomoto və Kioto şəhərinin meri Koci Matsui ilə görüşü olub.
Görüşdə Azərbaycanla Yaponiya arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələrin vacibliyi vurğulanıb. Eyni zamanda, gənc nəslin memarlıq, turizm, incəsənət və digər sahələrdə təcrübə mübadiləsi üçün yeni addımların atılması barədə fikir mübadiləsi aparılıb.
Hər iki şəhərin meri Azərbaycan haqqında böyük sevgi ilə danışıb, xüsusilə Şuşanın gözəl təbiətinin, özünəməxsus havasının olduğunu eşitdiklərin vurğulayıblar. Onlar bu tarixi şəhəri görməkdən məmnun olacaqlarını bildiriblər.
Aydın Kərimov Şuşa şəhərinin mədəniyyətindən, orada aparılan abadlıq, bərpa və quruculuq işlərindən söz açıb. O, Şuşa şəhərinin Tarixi Şəhərlər Liqasında daha yaxından iştirakının arzulanan missiya olduğunu diqqətə çatdırıb.
Konfransın çərçivəsində keçirilən sessiyada da iştirak edən Aydın Kərimov Şuşa şəhərinin bərpadan sonra dirçəlişindən, onun tarixi simasının qorunmasından, müasir infrastrukturun qurulmasından, əhalinin köçü və yeni yaşayış massivlərinin salınmasından, eləcə də turistlərin cəlb edilməsi məsələlərindən danışıb.
Sessiyada Şuşa şəhərinin yenidən qurulmasından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, konfransın sonunda Dünya Tarixi Şəhərlər Liqasına üzv ölkələr tərəfindən Himeji deklarasiyası imzalanıb.