67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO
Antalya, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Antalyada BMT-nin Tikililər və İqlim üzrə Hökumətlərarası Şurasının (ICBC) ikinci nazirlər iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində baş tutan tədbirdə İCBC-yə üzv 53 dövlətin və 14 müşahidəçi ölkənin nazir müavinləri iştirak ediblər.
İclas tikinti sektorunda 2035-ci ilə qədər karbon emissiyalarının 25 faiz azaldılması və iqlim dəyişmələrinə davamlılığın gücləndirilməsi üzrə qlobal öhdəlikləri sürətləndirmək məqsədi daşıyıb.
İmzalanmaq üzrə ölkə nümayəndələrinə təqdim edilən "Binalarda Enerji Səmərəliliyi Haqqında Antalya Sazişi"ni şərh edən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Ömər Bulut bildirib ki, enerji səmərəliliyinin artırılması və bina sektorunun transformasiyası yalnız ekoloji deyil, həm də iqtisadi və sosial zərurətdir.
O, qlobal enerji istehlakının və istixana qazı emissiyalarının təxminən üçdə birinin bina sektorunun payına düşdüyünü vurğulayıb.
Ö.Bulut, həmçinin Türkiyənin 2053-cü ilədək xalis sıfır emissiya hədəfinə çatmaq üçün uzunmüddətli iqlim strategiyası hazırladığını diqqətə çatdırıb.
O əlavə edib ki, Türkiyə 2035-ci ilə qədər milli istixana qazı tullantılarını 643 milyon ton karbon dioksid ekvivalenti ilə məhdudlaşdırmağı öhdəsinə götürərək İkinci Milli Töhfə Bəyannaməsini hazırlayıb.