Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Sevindirici haldır ki, idmançılarımız Bakıda ilk dəfə keçirilən eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatında 4 medal qazandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Deflimpiya Komitəsinin inzibati şöbə müdiri Heydər Rəhimli deyib.
O qeyd edib ki, medalçılardan biri olan Coşqun Əliyev 2025-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilmiş XXV Yay Deflimpiya Oyunlarının gümüş mükafatçısıdır: “Düşünürəm ki, medal olmasaydı da, bu çempionat bizim üçün uğurlu olaraq yadda qalacaqdı”.
Komitə rəsmisi vurğulayıb ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri beynəlxalq yarışlarda idmançıların və medalların sayını artırmaqdır.
Qarşıda gözlənilən beynəlxalq yarışlardan danışan qurum rəsmisi bildirib ki, builki təqvimdə Avropa çempionatları üstünlük təşkil edir. Gələn il isə daha çox dünya çempionatlarının keçirilməsi nəzərdə tutulur.
O, həmin yarışlarda da iştirak edərək medallar qazanmağa və idmançıların beynəlxalq təcrübəsini artırmağa ümid etdiklərini bildirib.
Qeyd edək ki, Azərbaycan komandası yarışı 4 medalla bitirib. Yığmanın heyətində Coşqun Əliyev (60 kiloqram) və Xalid Məmmədov (66 kiloqram) qızıl, Aydın Əzizov (81 kiloqram) gümüş, Eltun Məmmədov (73 kiloqram) isə bürünc medal əldə ediblər. Yarışda 9 idmançı ilə təmsil olunan Azərbaycan 4 medalla kişilər arasında komanda hesabında 2-ci olub.