Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ VİDEO
Göyçay, 12 noyabr, AZƏRTAC
Göyçay rayonunda narın kütləvi yığımı davam edir. Yaz aylarında havaların yağmurlu keçməsi məhsuldarlığa müəyyən qədər təsir göstərsə də, builki satış qiymətləri fermerləri qane edir. Bağlardan toplanan məhsulun bir hissəsi xarici bazarlara göndərilir, digər hissəsi isə ölkənin müxtəlif bölgələrində satışa çıxarılır.
AZƏRTAC-ın bölgə müxbiri Göyçayın nar bağlarında olub, fermerlərlə həmsöhbət olaraq builki məhsuldarlıq, yığım prosesi və narın satış qiymətləri ilə bağlı reportaj hazırlayıb.
Bu günlərdə Göyçayın kəndlərində nar bağlarında iş səhər tezdən başlayır. Qadınlar ağaclardan narları toplayır, kişilər isə yığılan məhsulu bağlardan çıxararaq nəqliyyat vasitələrinə yükləyirlər. Bağlarda çalışanların bir qismi öz məhsulunu yığır, digərləri isə mövsümi işlərə qoşularaq gündəlik qazanc əldə edirlər.
Ucar sakini Səmaqət Nuhova da işləmək üçün Göyçaya gələnlərdəndir. O, hər gün nar yığımına qoşularaq qazandığı pulla ailə büdcəsinə dəstək olur.

“Ucardan gəlmişəm, burada işçi kimi çalışıram. Qazandığım pulla ailə büdcəmə kömək edirəm. Şükür Allaha, məhsul boldur, nar da gözəldir. Göyçayın narı dillərdə dastandır. Yığım zamanı çalışırıq ki, nar zədələnməsin, dənələri əzilməsin. Ona görə qayçı ilə kəsirik”, – deyə Səmaqət Nuhova bildirir.
İxrac üçün nəzərdə tutulan nar ilk mərhələdə artıq xarici bazarlara göndərilib. Hazırda bağlardan yığılan məhsulun bir hissəsi isə paytaxt və region bazarlarına çıxarılır. Böyük nar bağlarından toplanan məhsulun əsas hissəsi elə kəndlərdəcə iritutumlu yük avtomobillərinə yüklənir. Bu narlar Rusiya, Ukrayna, Belarus və digər ölkələrin bazarlarına göndərilir. Bağdan alıcıya təqdim olunan məhsulun kiloqramı keyfiyyətindən və ölçüsündən asılı olaraq 1 manatla 1 manat 70 qəpik arasında dəyişir.
Bağda 1 manata alınan narın Bakıda niyə daha baha satılmasına gəlincə, fermer Eyvaz Səmədov qiymət fərqinin əsas səbəblərindən birinin nəqliyyat və digər əlavə xərclər olduğunu deyir.
“Bu gün gəlib məndən narı 1 manata alırlar. Nəqliyyat xərcini də üstünə gələndə Göyçay bazarına 1 manat 20 qəpiyə başa gəlir, orada 1 manat 50 qəpiyə satılır. Bakı bazarına aparanda da əlavə xərclər yaranır. Ona görə qiymət 1 manat 70 qəpik, 1 manat 90 qəpik, bəzən 2 manata çatır. Hamı deyir ki, rayonda 1 manatdırsa, Bakıda niyə 2 manatdır? Amma daşınma xərcləri var, satıcı da öz çörək pulunu qazanmalıdır”, – deyə fermer qeyd edib.

Eyvaz Səmədov dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyin də təsərrüfatların inkişafında mühüm rol oynadığını vurğulayır. Onun sözlərinə görə, subsidiyaların verilməsi, sahibkarlara yaradılan imkanlar fermerlərin işini stimullaşdırır, yeni bağların salınmasına və mövcud təsərrüfatların genişləndirilməsinə şərait yaradır.
Nisbətən kiçik bağlarda xüsusi qulluqla yetişdirilən iri narlar isə əsasən Göyçay bazarına çıxarılır. Burada qiymətlər bağlardakı satışla müqayisədə xeyli fərqlənir. Satıcı Teymur Qəmbərovun sözlərinə görə, hazırda narın kiloqramı 3 manatdan başlayaraq 10 manatadək dəyişir: “İndiki vaxtda qiymətlər 3 manatdan başlayır, 10 manata qədərdir. Təxminən 10 gündən sonra 17-20 manat olan narlar da olacaq. Elə nar var ki, 15 manata belə tapmaq çətindir”.
Teymur Qəmbərov paytaxt bazarlarında Göyçay narı adı ilə ucuz qiymətə satılan məhsulların hamısının bu rayonda yetişdirilmədiyini də deyir. Onun sözlərinə görə, 1 manata təklif olunan narların bir qismi digər regionlarda yetişdirilir və keyfiyyət baxımından Göyçay narından fərqlənir.
Bazarla kənddəki satış qiymətlərini müqayisə edən Göyçay sakini Araz İsmayılov isə narı birbaşa bağlardan almağın daha sərfəli olduğunu düşünür.

“Bazarla kəndi müqayisə edəndə bazarda gözəl narlar, çeşidlər çoxdur. Amma bazar bir az bahadır. Mən özüm də başqa kəndə nar almağa getmişdim. Oradan aldım, daha sərfəli oldu. “Bala Mürsəli” narı var, bu saat ən yaxşı nar növlərindən biridir”, – deyə o bildirib.
Hazırda Göyçay bazarında “Şirin”, “Vələs”, “Şıxbaba”, “Gülövşə” və digər növlər də daxil olmaqla, 10-a yaxın nar çeşidi satışa çıxarılıb. Təkcə təzə meyvə deyil, nardan hazırlanan mürəbbə, şərab, turşu və təbii şirələr də alıcılara təklif olunur.
Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorundan verilən məlumata görə, rayonda ümumilikdə 3178 hektar nar bağı var. Məhsulun saxlanılması üçün 9 soyuducu anbar fəaliyyət göstərir. Mərkəzdən bildirilib ki, son illər narçılıq sahəsinə maraq artır, yeni bağlar salınır və mövcud təsərrüfatlar genişləndirilir.
Xatırladaq ki, nar Göyçayın bütün kəndlərində becərilsə də, “Bığır”, “Alxasava”, “Veysəlli”, “Qaraxıdır” və “Qarayazı” kəndlərində bu sahə daha geniş yayılıb. Həmin kəndlərdə narçılıq üzrə ixtisaslaşmış, təcrübəli bağbanlar fəaliyyət göstərirlər. Hazırda emal müəssisələrinə təhvil verilən narın kiloqramı 30 qəpikdən, süfrəlik narın qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 1 manatdan 10 manatadək dəyişir.
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “Nar bayramı”nın bu il təşkili nəzərdə tutulmur.
Müxbir- Rəşad Rəşidov