Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Qarabağ işğaldan azad edildikdən sonra Bakı Media Mərkəzi tərəfindən azad edilmiş ərazilərdə bir sıra film layihələri həyata keçirilib. Vətən müharibəsindən bəhs edən filmlərin çəkilişi və hazırlıq mərhələsində Qarabağın minalardan təmizlənməsi prosesində iştirak edən qadınlarla tanış olduq. Beləliklə, onlar haqqında ayrıca film hazırlamaq ideyası yarandı.
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin əsas məqsədi heç bir statistik göstəriciyə müraciət etmədən həmin qadınların gündəlik həyatını dünya ictimaiyyətinə, beynəlxalq tamaşaçılara çatdırmaq idi.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında filmin rejissoru və ssenari müəllifi Fariz Əhmədov deyib.
“Hesab edirəm ki, bu istiqamətdə düzgün yol seçmişik. Bildiyiniz kimi, bir çox avropalılar üçün bu qadınların fəaliyyəti, onların belə təhlükəli və məsuliyyətli işlə məşğul olması qeyri-adi görünür. Azərbaycan qadınının həm gözəl və zərif, həm də eyni zamanda belə çətin bir missiyanı yerinə yetirməyə qadir olması diqqətimizi cəlb etdi və bu filmin hazırlanmasına qərar verdik. 2024-cü ildə başladığımız işi bu ilin əvvəlində tamamlaya bildik”, – deyə o qeyd edib.
Fariz Əhmədov filmin qəhrəmanlarına – ərazilərin minalardan təmizlənməsi prosesində iştirak edən qadınlara xüsusi təşəkkürünü bildirib.
“Onlar bizə öz dünyalarına, gündəlik həyatlarına və fəaliyyətlərinin görünməyən tərəflərinə daha yaxından nəzər salmaq, onları müşahidə etmək imkanı yaratdılar. Filmimiz müşahidə janrında çəkilib. Bu baxımdan, ekran əsərində onların gündəlik həyat tərzi, eləcə də işdən kənar anları əks olunub.
Ümid edirəm ki, həm yerli, həm də beynəlxalq tamaşaçılar bu qadınları daha yaxından tanıyacaq, onların əzmkarlığını, Qarabağın minalardan təmizlənməsi prosesində iştirakını və bu istiqamətdə göstərdikləri fədakarlığı daha dərindən qiymətləndirəcəklər”, – deyə rejissor vurğulayıb.