Qubada İnnovasiya və Startap Düşərgəsi təşkil olunub VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 7–10-da Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının tərəfdaşlığı ilə “YUNEX – Gənclərin İnnovasiya Mübadiləsi Proqramı” çərçivəsində İnnovasiya və Startap Düşərgəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qubada təşkil olunan düşərgənin əsas məqsədi gənclərin innovativ düşüncə və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, startap ekosistemi haqqında biliklərinin artırılması, həmçinin yeni ideyaların formalaşdırılması və onların praktik həllərə çevrilməsi üçün şərait yaradılması olub.
Düşərgənin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev çıxış ediblər.
Mərasim çərçivəsində proqramın təqdimatı keçirilib, iştirakçılara hakatonun qaydaları, mərhələləri və iş prinsipləri barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində Polşadan dəvət olunmuş beynəlxalq təlimçi və ekspertlər – Jakub Siekierzinski, Mert Koban və Joao Pereira tərəfindən müxtəlif mövzularda təlim sessiyaları keçirilib. Təlimlər zamanı iştirakçılar innovasiya, sahibkarlıq və layihələrin hazırlanması istiqamətində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
İştirakçılar təlimlərlə yanaşı, komandalar şəklində innovativ layihə ideyaları üzərində işləyib, onları təkmilləşdirərək qarşıya qoyulan problemlərin həlli üçün praktik təkliflər hazırlayıblar. Üç gün davam edən intensiv komanda işi və layihələrin hazırlanması prosesi yekun təqdimatlarla başa çatıb.
Düşərgənin son günündə komandalar hazırladıqları layihə ideyalarını iki təqdimat sessiyası çərçivəsində münsiflər heyətinə təqdim ediblər. Layihələrin aktuallığı, innovativliyi, praktik tətbiq imkanları və təqdimatların nəticələri əsasında aparılan qiymətləndirmə nəticəsində hakatonun qalibləri müəyyənləşib. Qalib komandalar YUNEX proqramının növbəti mərhələsi çərçivəsində 2027-ci ildə Polşada təşkil olunacaq beynəlxalq təcrübə mübadiləsində iştirak etmək imkanı qazanıblar.
Hakatonun qalibləri “Radium” (1-ci yer), “Renter.az” (2-ci yer) və FARAD (3-cü yer) komandaları olublar.
Bağlanış mərasimində hakatonun qalib komandaları mükafatlandırılıb, düşərgə iştirakçılarına isə sertifikatlar təqdim olunub.