Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Paytaxtın rayonlarında qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı kommunal və təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, eləcə də özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) AZƏRTAC-a bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında keçirilən müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayon üzrə məsul şəxs təyin edilib. Həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.
Bildirilib ki, qış aylarında yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıq məqsədilə yaradılmış qərargahlar, kommunal və təsərrüfat xidmətləri, həmçinin aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsinə hazır olmalıdırlar.
Hər bir quruma qarın təmizlənməsi üçün zəruri alət və inventarın kifayət qədər toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb. Bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikalarının da cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumların, bələdiyyələrin, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə qarlı günlərdə dünyanın əksər ölkələrində tətbiq olunan qaydalara uyğun olaraq, özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etmələri ilə bağlı çağırış edilib.