İsa Həbibbəyli: Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsidir VİDEO
Naxçıvan, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin doğma diyarı Naxçıvanda qeyd olunması ölkəmizdə mədəniyyətə və tarixi şəxsiyyətlərə dövlət səviyyəsində göstərilən böyük ehtiramın bariz nümunəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Naxçıvanda jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Naxçıvan Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfrans Əcəmi sənətinin XXI əsrdə müasir şəraitdə davam etdirilməsi, bu sahədə yeni nəslin yetişdirilməsi imkanlarını da diqqətə çatdırır.
İsa Həbibbəyli qeyd edib ki, Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsi kimi yaşayır. Yubiley ərəfəsində Naxçıvanda Memar Əcəminin heykəlinin ucaldılması və Möminə xatun türbəsinin bərpa olunması da dövlətin tarixi-mədəni irsə göstərdiyi diqqətin ifadəsidir.
AMEA-nın prezidenti onu da vurğulayıb ki, bu beynəlxalq konfrans yalnız tarixi şəxsiyyətlərə ehtiramın nümayişi deyil, həm də yeni Əcəmi sənətkarlarının yetişməsinə, memarlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinə istiqamət verən mühüm elmi platformadır.
Müxbir - Nail Əsgərov