Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər VİDEO
Füzuli, 13 noyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Həmin gün xalqımız və ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə birləşərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Vətən müharibəsində ön cəbhədə döyüşən hərbçilərlə yanaşı, yaralıların həyatını xilas etmək üçün çalışan tibb işçiləri də bu tarixi Qələbəyə öz töhfələrini verdilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının cərrahı Mahir Həsənov Vətən müharibəsi günlərini xatırlayarkən deyib:
“Biz xəstəxanada 7 minə yaxın yaralı qəbul etdik. Onların hər biri igid idi. Çoxları xüsusi olaraq yaddaşımda qalıb. Oktyabrın 9-da Hadrut döyüşlərindən bir əsgər gətirmişdilər. Qolunda sarğı var idi. Sarğını dəyişəndə mənə dedi: “Həkim, tez dəyişin, mən qayıtmalıyam. Uşaqlar orada döyüşür, mən burada qala bilmərəm! Soruşdum ki, nə olub? Dedi, deyəsən, dünən snayperlə vurulmuşam. Müayinə zamanı bazu sümüyündə sınıq olduğunu müəyyən etdik. Ona dedim ki, bu vəziyyətdə döyüşə gedə bilməzsən, bir gün bu sınıqla necə döyüşmüsən? Cavabı isə belə oldu: “Dünya dağılsa da, mən burada qala bilmərəm. Sarğımı qoyun, gedim”. Çox təkid edirdi, amma biz onu buraxmadıq”.
Həkim bildirib ki, həmin günlərdə yaralıların döyüşə qayıtmaq istəyi, əsgərlərin bir-birinə bağlılığı və Vətən sevgisi tibb işçilərinə də güc verirdi. Onun sözlərinə görə, Qələbə yalnız bir sahədə çalışan insanların deyil, bütöv xalqın birgə əməyinin nəticəsi idi: “Biz komanda olaraq qalib gəlmişik. Orada hər kəsin – sürücü, xadimə, həkim, tibb bacısının öz vəzifəsi var idi. Bunlar vahid bir vəhdət təşkil etməsəydi, qələbə mümkün olmazdı”.
Mahir Həsənov müharibənin ilk günlərində yaşadıqları gərginliyi də unutmur:
“İlk üç gün demək olar ki, yatmadıq. Bizə deyirdilər ki, yorulursunuz, bir az dincəlin. Amma inanın, insanın ağlına yatmaq gəlmirdi. Elə bilirdim ki, yatsam, oyananda hansısa yaralı əsgərin şəhid olduğunu görərəm və özümü bağışlaya bilmərəm. Bir əsgərin kürəyində, sağrı nahiyəsində böyük yara var idi. Hər dəfə sarğısını dəyişəndə deyirdi: “Buraxın, mən gedirəm, uşaqlar qalıb, mən də gedəcəyəm”. Bir dəfə sarğısını dəyişərkən dedi: “Mais müəllim qabaqda qalıb, mən burada qala bilmərəm”. O qədər sevinirdi ki, məni Mais müəllim çıxardı, məni vurmuşdular, o xilas etdi. Əsgərin öz generalını, zabitini bu qədər sevdiyini görəndə düşünürdüm ki, belə ordu məğlub ola bilməz”, - deyə Mahir Həsənov qeyd edib.
Mahir Həsənovun sözlərinə görə, müharibə zamanı ağır vəziyyətdə xəstəxanaya gətirilən və sağ qalan hərbçilərlə bu gün də əlaqələri var. Lakin həkimlər üçün ən ağır məqam bütün müdaxilələrə baxmayaraq, bəzi yaralıların həyatını xilas edə bilməmələri olub: “Biz əlimizdən gələni edirdik ki, yaralılarımız şəhid olmasın. Təəssüf ki, elə uşaqlarımız da oldu ki, bütün səylərə baxmayaraq, onları xilas edə bilmədik. Bu, bizə çox pis təsir edirdi. Amma sağ qalanların yenidən həyata qayıtması böyük sevinc idi”.
Həkim 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il Vətən müharibəsində və 2023-cü ildə hərbi əməliyyatlar zamanı tibbi xidmət göstərib. O, 2016-cı il döyüşlərini sonrakı Qələbəyə aparan təcrübə mərhələsi kimi dəyərləndirir:
“Mənə elə gəlir ki, 2016-cı il döyüşləri bizim üçün bir sınaq idi. Orada təcrübə qazandıq. 2020-ci il sentyabrın 27-də döyüş səslərini eşidəndə isə torpaqlarımızın azad olunacağına inamım daha da gücləndi, qələbə qazanacağımıza o qədər əmin idim ki, bunun başqa yolu yox idi. Evdə oturub çörək yeyirdik. Pəncərə açıq idi, birdən texnikaların səsini eşitdim. Həmin an gözlərim doldu. Dedim ki, bəli, olacaq, biz torpaqlarımızı geri alacağıq. Səhər döyüş səsləri eşidiləndə də düşündüm ki, qələbə bizimdir, başqa yolu yoxdur. Ürəyimdə bir ümid var idi ki, Ali Baş Komandan dayanmayacaq, Şuşaya qədər gedəcəyik. Həqiqətən də Şuşaya getdik”, - deyə həkim vurğulayıb.
Cərrah qeyd edib ki, Vətən müharibəsində onun da az da olsa, payının olmasından qürur duyur. Ailəsinin – valideynlərinin, bacı-qardaşının və övladının onun fəaliyyəti ilə fəxr etməsi isə bu qüruru daha da artırır.
Müxbir-Aydın Yavərzadə