İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO
Antalya, 13 noyabr, AZƏRTAC
Türkiyənin İğdır vilayətində Qarabağ Zəfərinin 6-cı ildönümünü münasibətilə liseylər arasında təşkil edilən "Qarabağ Zəfəri və Har-ı Bülbül" adlı şeir, esse və rəsm müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) və “İğdır Azərbaycan Evi” Dərnəyi birgə təşəbbüsü ilə təşkil olunan müsabiqələrin qalibləri ilə görüş İğdır Universitetinin Karaağaç Kampusunda baş tutub.
Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov, İğdır valisi Fırat Taşoların həyat yoldaşı Didem Taşolar, İğdır Universitetinin rektoru professor Dr. Əkrəm Gürel, siyasi partiyaların nümayəndələri, təhsil işçiləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
TADDEF-in sədr müavini, “İğdır Azərbaycan Evi” Dərnəyi Sərdar Ünsal qeyd edib ki, azadlığına qovuşan Qarabağ torpaqları həmişə zəngin florası seçilib. Bu müxtəlifliyin içində “Xarıbülbül” çiçəyi özünəməxsus yer tutur.
Xarıbülbülü “Azadlıq və Zəfər rəmzi” adlandıran S.Ünsal, Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətindən də söz açaraq deyib: “Aramızda sərhəd ola bilər. Amma qəlblərimiz arasında sərhəd yoxdur. Bu qardaşlıq gələcək nəsillərə ötürülməlidir”.
Daha sonra qısa hekayə müsabiqəsinin qalibi Hasret Al "Har-ı Bülbül" adlı essesini səsləndirərək tədbirə töhfə verib. Digər qaliblər də kürsüyə dəvət olunaraq mükafatlandırılıblar.