Kodlaşdırma işlərini yerinə yetirmək üçün əvvəlki qədər çox IT mütəxəssisinə ehtiyac qalmır VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Süni intellektin yaratdığı çağırışları və onun təsirlərini nəzərə alaraq, biz məzunlarımızı, gələcəyin mütəxəssislərini bu dəyişikliklərə hazırlamalıyıq. İlk növbədə, onlar süni intellektdən istifadə bacarıqlarına malik olmalı, eyni zamanda dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşmağı bacarmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Turan Beynəlxalq Universitetinin rektoru və təsisçisi Akhadkhon Najmitdinov “Milli Məşğulluq Forumu 2026” tədbiri çərçivəsində keçirilən “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq” adlı panel sessiyada çıxış edərkən deyib.
Rektor xatırladıb ki, bir neçə il əvvələ nəzər salsaq, informasiya texnologiyaları sektoru ən nüfuzlu sahələrdən biri hesab olunurdu. Qeyd edib ki, kodlaşdırma bacarığına malik olan şəxslər IT mütəxəssisləri arasında ən peşəkar və seçilən kadrlar sayılırdı. Vaxtilə vəziyyət məhz belə idi: “Lakin bu gün universitetimin IT komandası kodlaşdırma prosesində süni intellektdən istifadə edir. Artıq kodlaşdırma işlərini yerinə yetirmək üçün əvvəlki qədər çox IT mütəxəssisinə ehtiyac qalmır. Bu o deməkdir ki, kodlaşdırma öyrənən və bunu gələcək karyeralarının möhkəm təməli hesab edən gənclər artıq dəyişən şəraitə uyğunlaşmalıdırlar. Onlar yeni bilik və bacarıqlara yiyələnməlidirlər. Universitet olaraq bizim vəzifəmiz tələbələrə yalnız seçdikləri ixtisas üzrə bilik verməklə kifayətlənməməkdir. Eyni zamanda, onlara dəyişən mühitə, yeni çağırışlara çevik şəkildə uyğunlaşmaq və dinamik dəyişikliklərə hazır olmaq bacarıqları aşılamalıyıq. Çünki gələcəkdə bizi hansı dəyişikliklərin gözlədiyini əvvəlcədən bilmək mümkün deyil”.