"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən "Milli Məşğulluq Forumu 2026" çərçivəsində "Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyaya “PAŞA Maliyyə Holdinq" şirkətində xarici investisiyalar üzrə menecer Hüseyn Mahmudov moderatorluq edib. Paneldə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəqəmsal texnologiyalar üzrə baş texniki direktor Cavid Mahmudzadə il ərzində iki dəfə özəl sektorun, təhsil və dövlət qurumlarının nümayəndələrinin birgə görüş təşkil etməli olduğunu vurğulayıb. Qeyd edib ki, bu görüşlər əmək bazarına daha yaxşı kadrların hazırlanması üçün təşkil edilməlidir. Həmçinin bildirib ki, təhsil müəssisələrində vörkşoplar və ya hansı bir təlimlər keçirilməlidir.
Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində İşçi qüvvəsinin İnkişafı Mərkəzinin əmək sektoru üzrə tədqiqat və proqnozlaşdırma departamentinin müdiri Ruslan Tleubayev qeyd edib ki, bütün məlumatların vahid sistemdə toplanması və ya onlar arasında fasiləsiz inteqrasiyanın təmin edilməsi olduqca vacibdir: "Bu, məlumatların daha əlçatan olmasına və onların daha dərindən təhlilinə imkan yaradır. İkinci mərhələ isə milli kvalifikasiyalar sistemidir. Bu sistemin əsas elementini peşə standartları təşkil edir. Peşə standartları biznesin, işəgötürənlərin, başqa sözlə, əmək bazarının tələblərini özündə əks etdirən sənəddir. Burada konkret peşə üzrə mütəxəssisin hansı bacarıqlara, kvalifikasiyalara və alətlərə yiyələnməli olduğu müəyyənləşdirilir".
"Yango Azərbaycan" şirkətinin baş direktoru Müşfiq Həsənov süni intellektin indiki məqamda həddindən artıq paradokslar yaratdığını bildirib: "Bu paradokslardan da biri ondan ibarətdir ki, süni intellekt, doğrudan da, tapşırıqların yerinə yetirilməsində maksimal dərəcədə kömək edir. Amma paradoks ondan ibarətdir ki, böyük bir layihənin idarə olunmasında cəmi 4 faiz fərq var. Ancaq bizim şirkət üçün deyə bilərəm ki, hələ ki, süni intellekt sayəsində qlobal miqyasda 10 faizdən çox effektivliyimiz artıb. Çünki süni intellekt dəstək komandalarının yanaşmasına, eləcə də avtomatlaşdırma prosesində böyük rol oynayır".
"SABAH.city"nin baş icraçı direktorunun müavini Nurcan Baxşıyeva hazırda kampusda 30-a yaxın şirkətin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, həmin şirkətlərin vakansiyalarını işəgötürənlər də yaxından müşahidə edirlər: "Vakansiyalarda adlar demək olar ki, dəyişmir, amma tələblər dəyişir. Artıq texnoloji startaplarda sadəcə kod yazan mütəxəssis axtarılmır, axtarılan profil daha çox süni intellektə düzgün istiqamət verən, təhlil və problemi aşkar edə bilən istiqamətində olur. Şərti desək, icraçı profildən daha çox memar profil axtarılır".
Panel sessiya müzakirələrlə öz işini davam etdirib.