Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Muğamın hər avazında xalqımızın əsrlərin sınağından keçərək günümüzə gəlib çatan tarixi, duyğuları və mənəvi dünyası yaşayır. Bu sənətin incəliklərini öyrənmək, onun ruhunu duyaraq səhnədə ifadə etmək isə yalnız istedad deyil, böyük sevgi, zəhmət və səbir tələb edir. Muğam yolunda hələ uşaqlıq illərindən addımlayan gənc xanəndə Fatimə Kərimova da bu zəngin irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə öz sənət yolunu inamla davam etdirir.
Onun musiqiyə, xüsusilə muğama marağı ailəsində formalaşıb. Doqquz yaşından bu sənətlə məşğul olan Fatimə üçün ilk dəstək və ruhlandırıcı qüvvə ailəsi olub. Peşəkar musiqiçi olmayan ailədə bu yolu seçən ilk şəxs məhz odur. Lakin evdə muğama duyulan sevgi onun gələcək seçimində mühüm rol oynayıb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Fatimə Kərimova bildirib ki, muğamla tanışlığı zaman keçdikcə böyük bir sənət sevgisinə çevrilib: “Muğama marağım ilk növbədə ailəmdən başlayıb. Ailəmin dəstəyi ilə bu sahədə təhsil almağa başladım. Ailəm həmişə mənə inanıb və seçimimi dəstəkləyib. Bu gün də onların qayğısını və dəstəyini hiss etmək mənim üçün çox önəmlidir”.

Əslən Laçından olan Fatimə Kərimovanın muğam təhsilinin ilk mərhələsi Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin Bakı şəhərində fəaliyyət göstərən filialında başlayıb. Burada müəllimi Habil Məmmədovun rəhbərliyi ilə muğamın əsaslarını mənimsəyib, səs imkanlarını inkişaf etdirib. Müəlliminin sənətə yanaşması, tələbələrinə fərdi diqqəti və muğamın incəliklərini səbir və ardıcıllıqla öyrətməsi onun ifaçılıq yolunda mühüm mərhələ olub.
Gənc xanəndə müəlliminin əməyini xüsusi vurğulayır: “Muğamı öyrənməyimdə, ifaçılıq bacarıqlarımın formalaşmasında müəllimim Habil Məmmədovun böyük rolu olub. O, bizə bu sənətin məsuliyyətini dərk etməyi, hər bir əsərə sevgi ilə yanaşmağı da öyrədir. Onun dəstəyi və istiqamətləndirməsi sənət yolumda çox vacibdir”, – deyə Fatimə qeyd edib.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda xanəndəlik ixtisası üzrə təhsil alan gənc ifaçı bilik və bacarıqlarını daha da təkmilləşdirməyə çalışır. Universitetdə Simarə İmanovanın dərslərində iştirak edən Fatimə burada da müəllimlərinin və tələbə yoldaşlarının diqqətini hiss etdiyini deyir. İfalarına göstərilən maraq, ünvanlanan xoş sözlər onun üçün həm sevindirici, həm də yeni məsuliyyət yaradan amildir.

Fatimənin ifaçılıq fəaliyyətində sosial şəbəkələrin də xüsusi yeri var. Müəllimi Habil Məmmədov və digər tələbələrlə birlikdə ifalarının sosial platformalarda yayılması qısa müddətdə geniş auditoriyanın diqqətini cəlb edib. İfa çoxsaylı baxış və rəylər qazanmaqla yanaşı, kollektivin tanınmasına, yeni dəvətlər almasına və konsert fəaliyyətinin genişlənməsinə də təkan verib.
Gənc xanəndə sosial şəbəkələrdəki marağı sənətinə verilən dəyərin göstəricisi kimi qəbul edir. O, hər yeni ifasını paylaşarkən dinləyicilərin münasibətini maraqla gözlədiyini söyləyir: “Paylaşımlarımın bəyənilməsi, izlənmə sayının artması, dinləyicilərin rəyləri və ünvanladıqları xoş sözlər məni çox sevindirir. Hər hansı mahnını paylaşanda insanların onu necə qarşılayacağını düşünürəm. Gözlədiyimdən daha çox maraq gördükdə isə bu, mənə əlavə ruh yüksəkliyi verir. Həmin münasibət yeni mahnılar öyrənməyə və daha çox ifa etməyə həvəsləndirir”.
Onun sənət yolunda qazandığı uğurlar sırasında VIII “Muğam” televiziya müsabiqəsində qalib olması xüsusi yer tutur. Müxtəlif festivallarda və beynəlxalq müsabiqələrdə qazandığı nəticələr də Fatimənin səhnə təcrübəsinin artmasına, öz ifaçılıq imkanlarını daha geniş auditoriya qarşısında sınamasına şərait yaradıb.

Fatimə Kərimova üçün yaddaqalan səhnə təcrübələrindən biri də bu ilin noyabrın 8-də Xankəndidə Zəfər Günü münasibətilə təşkil olunan rəsmi tədbirdəki konsert proqramında iştirakı olub. Belə mötəbər tədbirlərdə çıxış etmək gənc xanəndə üçün milli musiqimizi, muğamımızı ölkəmizin tarixi və mənəvi dəyərləri ilə bağlı mühüm məqamlarda təmsil etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür səhnələrdə çıxış etmək həm məsuliyyətini artırır, həm də gələcək yaradıcılığı üçün yeni stimul verir.
Milli musiqi irsinin qorunması və təbliği gənc ifaçıların üzərinə də mühüm vəzifələr qoyur. Fatimə Kərimova bu məsuliyyəti dərk edərək həm təhsilini davam etdirir, həm də səhnə təcrübəsini artırmağa çalışır. Doqquz yaşında başlayan muğam yolunda qazandığı ilk uğurlar onun qarşısında yeni imkanlar açır. İndi əsas məqsədi bu yolu ardıcıl zəhmət, peşəkar inkişaf və sənətinə bağlılıqla davam etdirərək Azərbaycan muğamını daha geniş auditoriyalara çatdırmaqdır.