AQTA: Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Dekabrın 7-dən 11-dək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, eləcə də müəssisələrdə və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq.
Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri təşkil olunacaq. Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.