Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Böyük Britaniya və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan strateji tərəfdaşlıq uzunmüddətli dostluğumuzun möhkəm təməlləri üzərində qurulub. Birgə Bəyannamə iqtisadi artıma təkan verəcək, təhlükəsizliyi gücləndirəcək və innovasiyaları təşviq edəcək. Həmçinin Azərbaycan və Böyük Britaniya vətəndaşları üçün real faydaları olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.
Səfir Böyük Britaniyanın Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə də töhfə verdiyini bildirib. O, Şuşa, Xankəndi, Ağdam və Füzulidə “Chapman Taylor” şirkətinin fəaliyyətini qeyd edib. “Böyük Britaniya 2020-ci ildə ANAMA-nın fəaliyyətinə dəstək göstərən ilk ölkə olmaqdan qürur duyur. Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə dəstəyimizi davam etdirəcəyik”, – deyə səfir vurğulayıb.
Dankan Norman vurğulayıb ki, Naxçıvan Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malikdir: “Britaniya şirkətlərinin dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə edilməsi və siqnalizasiya sahələrində geniş təcrübəsi var. Bu müzakirələri davam etdirmək üçün ticarət komandam Böyük Britaniyanın dəmir yolu sektorunun təcrübəsi ilə tanışlıq səfəri təşkil edir. Britaniya təcrübəsi artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verir. Qarabağda da fəaliyyət göstərən “Chapman Taylor” şirkəti Naxçıvan şəhəri üçün 20 illik Baş plan hazırlayır”.