YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünü xilas ediblər VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı-Qazax avtomagistralı üzərində yerləşən stasionar postda xidmət aparan Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkətini müşahidə edib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil nəzarətə götürülərək saxlanılıb. Sükan arxasında olan əcnəbi sürücü ilkin ifadəsində səhhəti kəskin pisləşdiyi üçün yıxıldığını və halsızlıqdan avtomobili idarə etmək iqtidarında olmadığını bildirib. Dərhal sürücüyə ilkin tibbi yardım göstərilib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Səhhəti normallaşan sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar oxşar hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.