İqlim dəyişiklikləri və su qıtlığı Mahmudçalada flaminqoların sayını azaldıb - FOTOLAR VİDEO
Biləsuvar, 17 noyabr, AZƏRTAC
Mahmudçala ovçuluq təsərrüfatında bu il köçəri quşların sayında azalma müşahidə olunur. Ərazidə su səviyyəsinin aşağı düşməsi quşların miqrasiyasına təsir edən əsas amil kimi göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qlobal iqlim dəyişiklikləri və yağıntıların qeyri-bərabər paylanması nəticəsində Mahmudçalada su ehtiyatlarının azalması su-bataqlıq ekosisteminə və köçəri quşların məskunlaşmasına təsirsiz ötüşməyib. Xüsusilə flaminqoların sayında nəzərəçarpacaq azalma var.
Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının qışladığı əsas ərazilərdən biridir. Əvvəlki illərdə burada “Qırmızı kitab”a daxil edilmiş müxtəlif növ nadir quşlara kütləvi rast gəlindiyi halda, bu mövsüm onların sayı xeyli azalıb.
Ovçu Mirəli Soltanovun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il ərazidə quşların az olması birbaşa suyun azalması ilə bağlıdır. O bildirir ki, köçəri quşların bu ərazilərdə məskunlaşması və qışlaması üçün əsas şərt suyun yetərli səviyyədə olmasıdır.
Quşların kütləvi toplandığı və qorunan sahələrdə qanunsuz ov hallarının qarşısını almaq məqsədilə nəzarət tədbirləri gücləndirilib. Sahə müfəttişi Rahib Həsənov deyir ki, ərazidə ovlanması qadağan edilmiş və “Qırmızı kitab”a salınmış quş növləri üstünlük təşkil etdiyindən ovçulara yalnız icazə verilən digər sahələrdə – əsasən qamışlıq ərazilərdə ov etmələri tövsiyə olunur. Hazırda təsərrüfatda az sayda da olsa flaminqolar, qutanlar və Sultan toyuğu müşahidə edilir.
Qeyd edək ki, 7136 hektar ərazini əhatə edən Mahmudçala ovçuluq təsərrüfatı köçəri quşların qidalanması baxımından mühüm əhəmiyyət daşıyır. Ərazinin zəngin bitki örtüyü quşların əsas yem bazasını təşkil edir və onların hər il bu məkana miqrasiyasında həlledici rol oynayır.
Mütəxəssislərin fikrincə, qış mövsümünə doğru yağıntıların artması və xüsusi kanallar vasitəsilə əraziyə suyun verilməsi su-bataqlıq ekosisteminin bərpasına, eləcə də köçəri quşların yenidən bu ərazilərə qayıtmasına şərait yaradacaq.
Müxbir - İlkin Adıyev