“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospektində yerləşən və “Qələbə” dairəsi kimi tanınan ərazidə pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla üzləşirdilər.
Mövcud vəziyyət nəzərə alınaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları müşahidə kameralarının imkanlarından, yerində aparılan baxışdan və simulyasiya proqramından istifadə etməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyini təhlil ediblər.
Təhlillərin nəticəsi olaraq, piyada keçidində hərəkətin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə “L” və “A” tipli, piyada və nəqliyyat vasitələri üçün ayrı bölmələri olan üç svetofor quraşdırılaraq istifadəyə verilib.
Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.