“Gedək dərdimizi Sabirə deyək...” – Səməd Vurğun poeziyasına qarşı ittihamlara necə cavab vermişdi?
AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 18 noyabr, AZƏRTAC
Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.
AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğunun təhsil almasına kömək etdiyi, Bakıya gətirərək yaradıcılığına dəstək göstərdiyi şair Əliağa Kürçaylının xatirələrinin davamını təqdim edir. O, xatirələrində Səməd Vurğunun poeziyasının mücərrədlikdə ittiham olunduğu müzakirədən bəhs edib.
“1951-ci ilin baharıdır. Elmlər Akademiyasının böyük salonunda poeziyamızda mücərrədlik mövzusunda belə bir müzakirə keçirilir. Təəssüf ki, əsas müzakirə obyekti Səməd Vurğunun poeziyasıdır. Bəzi alimlər, ədəbiyyatşünaslar, şairlər, hətta tələbələr də Səməd Vurğunun bu və ya digər şeirindən misallar gətirir, şairi mücərrəd yazmaqda günahlandırırlar.
Səməd Vurğun rəyasət heyətində əyləşib, gərgin hallar keçirir. Artıq tək-tük qara telləri qalmış bəyaz saçını adətincə əlləri ilə dəstələyib geri sığallayır. Özünü sakit göstərməyə çalışsa da, bu, onun daxili həyəcanlarını, üzüntülü əhvali-ruhiyyəsini bir az da artıq büruzə verir. Qaşları çatılır, alnının qırışları sıxlaşır, hiss edirsən ki, cavab verməyə hazırlaşır. Heç bir qeyd aparmasa da, natiqlərin çıxışını diqqətlə dinləyir, düşünür, yerində o tərəf-bu tərəfə çevrilir.
Söz Səməd Vurğuna verilir.
O, ağır addımlarla xitabət kürsüsünə tərəf gedir. Adətincə qollarını geniş açıb, xitabət kürsüsünün kənarlarından tutur.
Adama elə gəlir ki, bu vəziyyətində o, möhkəm dayaq nöqtəsi tapmışdır. Nəhəng salon lal kəsilmişdir. Diqqətlə qulaq asan adamların necə nəfəs aldığını da eşidə bilərsən.
Səməd Vurğun danışır.
Əvvəlcə mücərrədliklə bədii ümumiləşdirmə arasındakı fərqi izah edir. Bəzi natiqlərin konkretlik adı altında poeziyamızı, sözün pis mənasında, oçerkizmə çağırdığını dəlillərlə açıb göstərir. Qədim yunan poeziyasından Şekspirə qədər dahi sənətkarların şeirlərindən misallar gətirir.
“Belə olsa, bəzi natiqlərin fikri ilə razılaşsaq, Şekspirin sonetlərini mücərrədliyə ən layiqli nümunə kimi qəbul etməliyik”, - deyir.
O zaman gənc şair, indi isə ədəbiyyatda orta nəsil adlanan biz - Bəxtiyar Vahabzadə, İslam Səfərli, Hüseyn Hüseynzadə, Qabil, Hüseyn Abbaszadə, Adil Babayev, Novruz Gəncəli, Aslan Aslanov və mən (Nəbi Xəzri onda Moskvada təhsildə idi), həmişə olduğu kimi, Səməd Vurğunu dövrəyə alıb Elmlər Akademiyasından çıxırıq. Sabir bağının qarşısında Səməd Vurğun dayanır, dahi şairin qüdrətindən və şöhrətindən çox kiçik, hətta bir qədər də miskin görünən ozamankı heykəlinə tərəf baxır. Zarafatla:
- Uşaqlar, gedək dərdimizi Sabirə deyək. O bizi hamıdan yaxşı başa düşər. Sabir ən böyük cəfakeş olub, - deyir.
Heykəlin yanında dayanırıq. Qəribədir, indicə çaldığı parlaq qələbəyə baxmayaraq, Səməd Vurğun fikirli, kədərli və qayğılı görünür. Papiros yandırır, sinə dolusu udduğu tüstünü kənara üfürüb, küskün təbəssümlə deyir:
-Hə, məni mücərrədlikdə təqsirləndirirsiniz. Amma mən danışanda yaman əl çalırdınız ha!
İçərimizdə ən çox dili-dilavər sayılan Bəxtiyar Vahabzadə tez dillənir:
-Səməd Vurğun danışanda kim əl çalmaz ki? Siz heç danışmasanız da, tribunada dayanıb lal-dinməz baxsanız da, camaat əl çalacaq. Onda qalmış Səməd Vurğunun danışığı ola!
-Ayə, deyirsən yəni mən yalan danışsam, yəni doğru deməsəm də, mənə əl çalarlar?
-Çalarlar, Səməd müəllim!
Səməd Vurğun bir anlığa susur, alnının qırışları sıxlaşır, mavi sətini xatırladan ulduzlu bahar səmasında bəyaz möhür kimi görünən ayı diqqətlə seyr etməyə başlayır. Sonra kibrit çəkib, onsuz da yanan papirosunu bir də yandırıb gülümsəyir…”
Ardı var...
Əvvəlki Materialı oxu (https://azertag.az/xeber/semed_vurgunun_yazdigi_mektub_genc_sairin_taleyini_nece_deyisib-4512795)
Müxbir – Günel Alıyeva