Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində "Qlobal dəyişikliklərdən fərdi bacarıqlara" adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyada çıxış edən Türkiyənin Kadır Has Universitetinin Karyera ofisinin rəhbəri Umur Çalıkoğlu artıq informasiyanın bir növ əmtəəyə çevrildiyini deyib. Bildirib ki, əvvəllər universitetlər və məktəblər biliyin əsas mənbəyi hesab edilirdi. Lakin bu gün informasiya hər yerdə əlçatandır. Bu isə tələbə profilinin dəyişməsinə də təsir göstərir. Artıq yalnız ənənəvi, yəni müəllimin dərs izah etdiyi, tələbənin isə dinlədiyi təhsil modeli mövcud deyil. Tələbələr dərsdənkənar vaxtlarda da öz bilik və bacarıqlarını inkişaf etdirə, hətta müxtəlif layihələr və tədqiqatlar üzərində müstəqil işləyə bilirlər. Çünki müəllim artıq biliyin yeganə mənbəyi deyil. Bütün bunlar dəyişiklik və transformasiya yaradır. Nəticədə tələbələrin profili və öyrənmə üsulları da dəyişir.
“Azerconnect Group”un Data, Süni intellekt və Metodologiya Mərkəzinin direktoru Seymur Əhmədov bildirib ki, hər kəs müasir dövrdə süni intellektdən geridə qalmaq hissindən qorxur: "Rəqiblərimiz süni intellekt alətləri alır, onun məhsullarından istifadə edir. Amma hamımız düşünürük ki, geridə qalmışıq, şirkət olaraq artıq ondan istifadə edə bilməyəcəyik, mütləq şəkildə onu almaq lazımdır. Bu, ən böyük risk deyil. Ən böyük risk gələcəyin texnologiyasını köhnənin düşüncə tərzi ilə idarə etməkdir".
Middlesex Universitetinin informasiya sistemləri və biznes hesablamaları üzrə professoru Georgios Dafoulas bu gün artıq dördtəbəqəli cəmiyyətin formalaşdığını qeyd edib. O bildirib ki, bu kontekstdə işçi, orta sinif və ya yuxarı sinif anlayışlarını bir kənara qoymaq lazımdır: "Bu yeni bölgünün ən aşağı təbəqəsini daimi işsiz qalacaq insanlar təşkil edəcək. Onların cəmiyyətdəki payı 30 faizə qədər yüksələ bilər. Söhbət uzunmüddətli və davamlı işsizlikdən gedir. Daha sonra xidmət sahəsində çalışanlar gəlir. Onlar cəmiyyətin təxminən 60-65 faizini təşkil edəcəklər. Hazırda orta sinif adlandırdığımız təbəqə də mövcudluğunu qoruyacaq. Bununla yanaşı, yeni bir təbəqə – texnoloji elita formalaşacaq. Bu elita süni intellektə nəzarət edən və onu idarə edən insanlardan ibarət olacaq. Bəs gələcək bizi ümidsizliyə sürükləyirmi? Süni intellektin idarə etdiyi qlobal transformasiyanın təsiri altındayıqmı? Bəli, belə bir transformasiya baş verir. Amma bu, o demək deyil ki, biz proseslərə nəzarəti itirmişik", - deyə professor vurğulayıb.
Panel sessiya müzakirələrlə öz işini yekunlaşdırıb.