Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO
Qəbələ, 18 noyabr, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mərkəz–müəllim–valideyn” əməkdaşlığının gücləndirilməsi və təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi məqsədilə valideyn iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə ümumi orta təhsil bazasından peşə təhsili alan tələbələrin valideynləri iştirak ediblər.
Mərkəzin direktoru Qalib Nəbiyev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Daha sonra tədris və təlim işləri üzrə direktor müavini Camal Rəsulov, tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova və Valideyn Komitəsinin sədri Kamil Hacıyev çıxış ediblər.
İclasda cari tədris ilinin gedişi və dərsə davamiyyət, tələbələrin təlim-tərbiyə göstəriciləri, mərkəz–valideyn əməkdaşlığının gücləndirilməsi, nizam-intizam qaydaları, gələcək layihə və tədbirlər barədə məlumatlar və birgə əməkdaşlıq mövzuları ətrafında müzakirə aparılıb, rəy və təkliflər dinlənilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən tələbələrin nümunəvi davranışına, dərslərdə fəallığına və yüksək tədris nəticələrinə görə 24 valideynə “Təşəkkürnamə”lər təqdim edilib.
Sonda valideynlər sinif rəhbərləri, istehsalat təlim ustaları ilə birlikdə dərs prosesini izləyiblər.