Nazir: Cari ilin 10 ayında özəl sektorda əmək müqavilələrinin sayının 59 min artımı sevindirici haldır VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Ötən dövr ərzində illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayı isə 3,5 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.
Nazir vurğulayıb ki, il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən 500 minə yaxın işsiz və ya işaxtaran şəxslə aktiv məşğulluq tədbirləri çərçivəsində iş aparılır: "Bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi məqsədi ilə ödənilən işsizlikdən sığorta ödənişinin əlçatanlığı artırılmışdır. Növbəti ildə bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfərə, bu məqsədlə ayrılan vəsaitin məbləği isə 10 dəfədən çox artaraq 36 mln. manat təşkil edəcək. Eyni zamanda, sığorta ödənişinin orta məbləği isə 2 dəfə artaraq 500 manata çatıb. Həmçinin iqtisadiyyatın ağarması, tətbiq edilən sosial islahat nəticəsində minimum əməkhaqqının artırılması ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına səbəb olub, formal məşğulluğu təşviq edib. Belə ki, aparılan bu islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 3,4 dəfə artıb. Əvvəlki illə müqayisədə cari ilin 10 ayında özəl sektorda əmək müqavilələrinin sayının 59 min artımı sevindirici haldır", - deyə nazir qeyd edib.