Rumıniya İnstitutunun baş direktoru: Kiberdiplomatiya artıq zamanın tələbinə çevrilib VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayırdığını göstərir ki, bu da zamanın tələbi baxımından olduqca əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxış edən Rumıniyanın informatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun baş direktoru, doktor Adrian-Viktor Vevera deyib. O bildirib ki, kibertəhlükəsizliyin təmin olunması sabitliyin təminatı və iqtisadi inkişafın əsasıdır: “Kibertəhlükəsizliklə mübarizədə dövlətlər və təsisatlar qüvvələrini birləşdirməlidirlər. Azərbaycanda bu sahədə mühüm addımlar atılıb. Gələcək əməkdaşlıq üçün görüşlərin və konfransların keçirilməsi əhəmiyyətlidir”.
“Aparılan tədqiqatlar göstərir ki, kiberdiplomatiya artıq zamanın tələbinə çevrilib və bu istiqamətdə dövlətlər əməkdaşlıq əlaqələrini artırmalıdırlar. Yeni proqramların tərtibində və həyata keçirilməsində iştirak etməlidirlər. Problemlərin aradan qaldırılması üçün əməkdaşlıq əlaqələrinin də gücləndirilməsi lazımdır. Çünki kibercinayətlər sərhəd tanımır”, - deyə institutun baş direktoru qeyd edib.