Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Texnoloji transformasiya sadəcə təhlükəsizlik mühitini dəyişmir, o dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini kökündən yeniləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellekt, kiberimkanlar və yeni nəsil texnologiyalar qlobal güc balansını yenidən formalaşdırır.
“Biz tarixi dönüş nöqtəsindəyik və belə bir mürəkkəb mənzərədə kiberdiplomatiya dövlətlərin kiberməkanda məsuliyyət davranışının təşviqi, transsərhəd risklərin idarə olunması və etimad mühitinin qurulması üçün ən vacib strateji alətə çevrilir. Süni intellektin sürətli inkişafı bu prosesə yeni bir ölçü əlavə edərək informasiya müharibələrindən və "deepfake" texnologiyalarından tutmuş kiberhücumların mənbəyinin müəyyən edilməsinə və kritik infrastrukturların mühafizəsinə qədər tamamilə yeni çağırışlar formalaşdırır.
İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri strateji müstəqilliklə beynəlxalq tərəfdaşlıq arasında yeni və həssas bir balans tapmağa vadar edir. Müasir dünyada rəqəmsal texnologiyalar dövlətlərin iqtisadi inkişafının, sosial rifahının və idarəetmə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilib. Lakin texnoloji tərəqqi özü ilə yanaşı görünməmiş miqyasda kiberhücumlar, kritik infrastrukturlara yönələn hədəfli təhdidlər və hibrid müharibə elementlərini də gətirir. Bunun qarşısının alınması isə yalnız qarşılıqlı əməkdaşlıqla mümkündür. Bu gün keberməkanda elə bir mühit formalaşıb ki, heç bir dövlət təkbaşına kibertəhdidlərin qarşısını ala bilməz”, - deyə Ziyafət Əsgərov əlavə edib.