Fərid Qayıbov: İnklüziv yarışların keçirilməsi Azərbaycanın idman uğurlarından biridir VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Fiziki və əqli imkanlarından asılı olmayaraq hər kəs üçün idmana bərabər çıxış imkanlarının təmin edilməsi dövlət idman siyasətinin prioritet istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində keçirilən Avropa badminton yarışının açılış mərasimində çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Prezident İlham Əliyev idmana və inklüziv layihələrə daim xüsusi diqqət və qayğı göstərir: “Bu diqqət nəticəsində bu gün Azərbaycanda Xüsusi Olimpiya hərəkatı uğurla inkişaf edir”.
F.Qayıbov son illərdə Azərbaycan idmançılarının beynəlxalq arenada uğurlu çıxışlarını, ölkəmizdə təşkil olunan festivalları və təlim-məşq toplanışlarını xüsusi qeyd edib: “Son illərdə idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışlarının, Azərbaycanda keçirilən müxtəlif festivalların və təlim-məşq toplanışlarının şahidi olmuşuq. Nəhayət, bu gün də 18 ölkənin iştirakı ilə Avropa və Avrasiya regionunun badminton yarışlarının məhz Azərbaycanda keçirilməsinə şahidlik edirik”.
Nazir cari ilin Azərbaycan və Bakı üçün idman baxımından da uğurlu olduğunu vurğulayıb: “Bu il ölkəmizdə müxtəlif Avropa və dünya çempionatları keçirilib. Belə inklüziv yarışın təşkili də idmanımızın növbəti uğurudur”.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir.