Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan müasir çağırışlara cavab verərək etimad quruculuğu və inklüziv əməkdaşlıq üçün mühüm platforma təmin edən yeni yaradılmış qlobal mexanizm vasitəsilə dialoqun davam etdirilməsini dəstəkləyir. Kibertəhlükələrin qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, “Azərbaycan 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası çərçivəsində milli kiberdayanıqlığını daha da gücləndirərək əməkdaşlıq əlaqələrini də genişləndirir. Azərbaycan, həmçinin BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələr arasındadır. Azərbaycan BMT-nin İKT təhlükəsizliyi üzrə Açıq Tərkibli İşçi Qrupunda fəal iştirak edir. Etimad quruculuğu və inklüziv əməkdaşlıq üçün mühüm platforma təmin edən yeni yaradılmış qlobal mexanizm vasitəsilə dialoqun davam etdirilməsini dəstəkləyirik. Bu öhdəliklər praktiki əməkdaşlıq, vaxtında məlumat mübadiləsi və daha güclü kollektiv dayanıqlılıq çağırışımızı möhkəmləndirir".
Nazir müavini, həmçinin süni intellektin dünyanın qarşılaşdığı təhdidləri sürətləndirdiyini vurğulayıb: “Biz etimadın qurulmasına, məlumat mübadiləsinə və ümumi təhlükəsizliyimizin asılı olduğu əməkdaşlığın qorunmasına da eyni aktuallıqla yanaşmalıyıq. Bu sahədə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atmalıyıq”.