Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub, platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb. Bu göstəricilər kibertəhdidlərin miqyası və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
“Bu il Azərbaycanda 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox "web defacement" hücumu müəyyən edilib. Əsas hədəfimiz yalnız təhdidlərin aşkarlanması deyil, onların qarşısının qabaqcadan alınması və mümkün insidentlərin dövlət xidmətlərinə təsirinin minimuma endirilməsidir", - deyə nazir müavini vurğulayıb.
O deyib ki, hüquqi baza da ardıcıl olaraq təkmilləşdirilir. 2024-cü il 14 iyul tarixli Qanun ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin, Milli CERT, Milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulub. Kibertəhlükəsizliyin təmin edilməsində texnoloji vasitələrlə yanaşı, insan kapitalının inkişafı da mühüm rol oynayır.
Nazir müavini qeyd edib ki, informasiya mühitində dezinformasiyanın və məqsədyönlü informasiya manipulyasiyalarının yaratdığı risklərin vaxtında müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır: “Bu təhdidlərin sərhəd tanımadığını nəzərə alaraq, onlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq artıq seçim deyil, zərurətdir. Baş verən dəyişikliklər və tətbiq olunan yeniliklər ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin daha da təkmilləşdirilməsinə, müasir çağırışlara hazırlıq səviyyəsinin artırılmasına xidmət edən “Azərbaycanın İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üzrə Strategiyası" və “Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə fəaliyyət planı” üzrə müəyyən olunan hədəflər bütün aidiyyəti qurumlar tərəfindən icra olunmaqdadır. Əsas məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi, kibertəhdidlərin aşkarlanması və insidentlərə koordinasiyalı cavabvermə mexanizmlərinin inkişaf etdirilməsidir. Bu məqsədlə texniki araşdırmaların aparılması, kibertəhdidlər barədə məlumatların təhlili, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və aidiyyəti tərəflərə operativ məlumat mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır”.
“Prezident İlham Əliyev müasir dövrdə ideoloji işin aparılmasının, bu sahədə formal yanaşmalardan uzaqlaşmağın və yeni metodların tətbiqinin vacibliyini vurğulayıb. Ən müasir müdafiə sistemləri belə istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmədiyi şəraitdə arzuolunan nəticəni təmin edə bilmir. Bu səbəbdən kibertəhlükəsizlik üzrə maarifləndirmə, peşəkar kadr potensialının artırılması və ümumilikdə cəmiyyətin rəqəmsal savadlılığının inkişafı uzunmüddətli təhlükəsizlik strategiyamızın ayrılmaz bir hissəsidir”, - deyə nazir müavini vurğulayıb.