Nazir: Əlilliyi olan şəxslər arasında idmanın inkişafı inklüzivliyin təmin olunmasının ən əlverişli yollarından biridir VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Əlilliyi olan şəxslər arasında idmanın inkişafı onların həyatın bütün sahələrinə tamhüquqlu inteqrasiyası və inklüzivliyin təmin olunması üçün ən yaxşı və əlverişli yollardan biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində keçirilən Avropa badminton yarışının açılış mərasimində çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının reallaşdırılması, onların cəmiyyətin bütün sahələrində bərabər iştirakına şərait yaradılması, ayrı-seçkiliyin aradan qaldırılması, inklüzivliyin və müyəssərliyin təmin edilməsi ölkədə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.
A.Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb: “Nazirlik olaraq əlilliyi olan şəxslərin sosial müdafiəsi, hüquqlarının təminatı və cəmiyyətin həyatının bütün istiqamətlərində bərabər iştirakı üçün müxtəlif addımlar atırıq. Paralimpiya, Xüsusi Olimpiya və Deflimpiya komitələrinə bu sahədə ciddi dəstək göstərilir”.
Nazir yarışın təşkilində əməyi olanlara təşəkkürünü bildirib və tədbirin uğurla keçiriləcəyinə əminliyini ifadə edib. O, yerli və xarici idmançılara turnirdə uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən Avropa badminton yarışı noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar. Beynəlxalq tədbirin əsas məqsədi xüsusi olimpiya hərəkatı çərçivəsində idmançılar üçün yarış imkanlarını genişləndirmək, onların idman təcrübəsini artırmaq və idmanda inklüzivliyi təşviq etməkdir.