İdarə Heyətinin sədri: Aktiv məşğulluq tədbirlərinin bütün əhatə dairəsində işəgötürənləri nəzərə alırıq VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər və özəl sektorla əməkdaşlığının iki əsas istiqaməti var. Birincisi, Azərbaycan vətəndaşının daha bacarıqlı, əmək bazarının tələblərinə cavab verən dayanıqlı keyfiyyətlərə sahib kadr kimi formalaşmasıdır. İkincisi isə işəgötürənlərin bizneslərini inkişaf etdirərək əmək bazarında yaratdıqları tələbin həm kəmiyyət, həm də keyfiyyət baxımından artırılmasıdır. Arzumuz budur ki, işəgötürənlərin biznesi böyüsün, gəlirləri artsın, layiqli vergi ödəsinlər və eyni zamanda əməkdaşlarına ayıracaqları əməkhaqqı fondunu genişləndirsinlər.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" adlı panel sessiyada çıxış edərkən deyib.
"İşəgötürənlər vakansiyalarını yerləşdirməlidirlər, göndərişlərlə bağlı geridönüş etməlidirlər. Biz işəgötürənlərlə məhz strateji tərəfdaşlıq baxımından əməkdaşlıq etmək istəyirik. Eyni zamanda, biz aktiv məşğulluq tədbirlərinin bütün əhatə dairəsində mütləq şəkildə işəgötürənləri nəzərə alırıq",- deyə H.Abbasov qeyd edib.