Paytaxtda qış mövsümünə hazırlıqla bağlı müşavirələr başa çatıb VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilən tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.
BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri sonuncu olaraq Bakı şəhərinin Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Hər bir sahə üzrə hesabatlar dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Eyni zamanda, həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.