Nazir müavini: Azərbaycanda ərzaqlıq buğda tələbatının 70 faizinin yerli istehsal hesabına ödənilməsi hədəflənir VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycanda ərzaqlıq buğdaya olan daxili tələbatın 65–70 faizinin yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur və bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransda deyib.
“Hazırda ölkədə ərzaqlıq buğdaya olan tələbatın təxminən 55 faizi yerli istehsal hesabına ödənilir. Prezident İlham Əliyev tərəfindən imzalanmış 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində bitkiçilik sahəsində bir sıra islahatların həyata keçirilməsinə başlanılıb. Əsas məqsəd hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etməkdir. Buna isə əkin sahələrinin genişləndirilməsi ilə deyil, məhsuldarlığın artırılması hesabına nail olmaq mümkündür”, – deyə nazir müavini vurğulayıb.
O deyib: “Dövlət Proqramı çərçivəsində buğdanın məhsuldarlığının hər hektardan 50 sentnerə çatdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu məqsədlə buğda əkini üçün daha böyük torpaq potensialına malik 22 rayon üzrə ixtisaslaşma aparılıb. Eyni zamanda, Aqrar Subsidiya Şurası tərəfindən istehsalın stimullaşdırılması məqsədilə yeni subsidiya mexanizmləri hazırlanıb”.
“Son illərdə görülən işlər və həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərib. Bütün bunların nəticələrində taxılçılıqda məhsul istehsalı cari ildə 8 faizə qədər artıb”, - deyə nazir müavini əlavə edib.