Şöbə müdiri: Lazer hamarlama məhsuldarlığın artmasına təsir göstərir VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Lazer hamarlama məhsuldarlığın artmasına təsir göstərir. Azərbaycanda lazer hamarlama aparılan torpaq sahələrində məhsuldarlıq 35-40 faiz arta bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə keçirilən “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda konfransın panel müzakirəsində deyib.
Onun sözlərinə görə, gələn ildən lazer hamarlama aparılmış torpaq sahələrində əkinə görə daha yüksək əmsallarla subsidiya ödənişləri nəzərdə tutulub.
“Lazer hamarlama ilk növbədə, su sərfiyyatına qənaət edilməsinə və su itkisinin qarşısının alınmasına, toxum və gübrələrin torpaq səthində bərabər paylanmasına imkan yaradır. Bununla torpaq sahələrində istifadə olunan aqrotexniki avadanlıq və texniki vasitələrin aşınması azaldılır, onların istismar müddəti uzadılır, yanacaq xərclərinə qənaət etməyə şərait yaradılır. İxtisaslaşmış rayonlarda müasir suvarma sistemi tətbiq edilən, lazer hamarlama işləri aparılan və super-elit toxumdan istifadə olunan torpaq sahələrinin hər hektarına buğda əkini üzrə 1120 manat dövlət dəstəyi nəzərdə tutulub. Əgər lazer hamarlama işləri aparılmayıbsa, lakin müasir suvarma sistemindən istifadə olunursa, hər hektara 870 manat ödəniləcək. İdxal edilmiş super-elit toxumdan istifadə edildiyi halda isə 950 manat subsidiya nəzərdə tutulur. Müasir suvarma sistemi tətbiq edilən, lakin digər toxumlardan istifadə olunan torpaq sahələrinə 600 manat, müasir olmayan suvarma sistemləri ilə təchiz edilmiş və lazer hamarlama işləri aparılmış torpaq sahələrinə isə 450 manat subsidiya ödəniləcək”, - Rəşad Fəttahov qeyd edib.