Aqil Abbas: Ruhumuzu işğal edə bilmədilər VİDEO
Ağdam, 20 noyabr, AZƏRTAC
Bu gün böyük bayramdır. Bu, təkcə ağdamlıların deyil, bütün Azərbaycanın bayramıdır. Ağdamda ilk dəfə Şəhər Günü qeyd olunur.
Bunu Milli Məclisin deputatı Aqil Abbas AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
“Mənim bir fikrim var, Ağdamı heç vaxt işğal edə bilmədilər. Torpağı tutmaq olar, evləri dağıtmaq olar. Bizim ruhumuzu işğal edə bilməyiblər. Ağdamlıların ruhunu, azərbaycanlıların ruhunu işğal edə bilmədilər. Biz heç vaxt işğal altında olmamışıq. Həmişə ruhumuz azad olub və inanmışıq ki, bütün rayonlarımızı qaytaracağıq və qaytardıq", - deyə Aqil Abbas bildirib.
Deputat Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərin şücaəti sayəsində bu günlərə çatdığımızı vurğulayıb. Hazırda Ağdamda insanların yaşadığını, şəhərə köçün davam etdiyini və yeni, gözəl evlərin tikildiyini qeyd edib. O, yaradıcılığında da daim Ağdamın və Qarabağın ruhunu yaşatmağa çalışdığını, bunu “Dolu” filmi, eyniadlı romanı, eləcə də digər roman və povestlərində ifadə etdiyini bildirib.
Aqil Abbas fikirlərini Vaqif Cəbrayılzadənin misraları ilə tamamlayıb: “Türk minillərin gün işığıdır, nə qədər basdırsan, yenə torpağın üstündə qalar”. Bizi basdırmaq olmaz, biz həmişə torpağın üstündə qalacağıq”.
Müxbir - Tahir Ağaməmmədov