ADAU-da keçirilən respublika elmi-praktik konfransına 350-dən çox məruzə təqdim olunub VİDEO
Gəncə, 20 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” sərgisi çərçivəsində “Gələcəyin kənd təsərrüfatı 2026: elm, innovasiya və dayanıqlılıq” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə TECHERA və GBARU şirkətlərinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və ADAU-nun rəsmi tərəfdaşlığı ilə keçirilən “Regional Expo Gəncə 2026 – Sahibkarların təqdimat sərgisi”ndə universitet öz stendi ilə təmsil olunub. Burada ali təhsil ocağının elmi potensialı, təhsil imkanları, innovativ layihələri və aqrar sahə üzrə fəaliyyət istiqamətləri nümayiş etdirilib.
Konfrans Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov aqrar sektorun gələcək inkişafında elmi tədqiqatların, rəqəmsal texnologiyaların və dayanıqlı istehsal modellərinin rolundan bəhs edib. O, müasir çağırışların universitetlər, elmi-tədqiqat müəssisələri və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsini, eləcə də elmi nəticələrin istehsalata tətbiqini zəruri etdiyini bildirib.
Rektor konfransa 350-dən çox elmi məruzənin təqdim edildiyini, Elm komitəsi tərəfindən 237 tezisin qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 42 ali təhsil və elmi-tədqiqat müəssisəsini əhatə edən materialların müəllifləri olan 369 tədqiqatçıdan 107-si ADAU-nu, 262-si isə digər qurumları təmsil edir. Qəbul olunan tezislər arasında 97 magistrant və 28 doktorantın elmi işlərinin yer almasını gənclərin elmə marağının göstəricisi kimi dəyərləndirən Z.Qurbanov konfrans çərçivəsində 4-ü əyani, 3-ü onlayn olmaqla, ümumilikdə, 7 bölmə iclasının keçiriləcəyini qeyd edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin ölkənin elm, təhsil və iqtisadi həyatındakı mövqeyindən danışaraq, bu kimi tədbirlərin aqrar sahədə yeni təşəbbüslərin təşviqi, regionların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov aqrar sektorun ölkənin iqtisadi potensialının gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan söz açıblar. Onlar kənd təsərrüfatında innovasiyaların tətbiqinin və sahə üzrə dövlət siyasətinin prioritetlərinin icrasının vacibliyini qeyd ediblər.
TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov aqrar sektorda rəqəmsal həllərin tətbiqindən, universitet-özəl sektor əməkdaşlığının genişləndirilməsindən və tələbələrin innovativ layihələrə cəlb olunmasından danışıb.
UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov “Zaqatala – gələcəyin kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edərək, regionun aqrar potensialını və inkişaf perspektivlərini diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, torpaq və su ehtiyatlarının qorunması məsələlərinə toxunaraq aqrar inkişafda elmi-coğrafi və ekoloji yanaşmaların zəruriliyini qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının müdiri Bəhruz Bayramov isə çıxışlarında sahənin inkişafında iqtisadi təhlillərin, biomüxtəlifliyin qorunmasının, təbii resurslardan səmərəli istifadənin və ekosistemlərin davamlılığının təmin olunmasının önəmini vurğulayıblar.
Konfrans işini aqrar iqtisadiyyat və aqrobiznes, bitkiçilik və torpaqşünaslıq, dayanıqlı kənd təsərrüfatı, aqromühəndislik və mexanikləşdirmə, rəqəmsal texnologiyalar, eləcə də mütəxəssis hazırlığı istiqamətləri üzrə bölmə iclasları ilə davam etdirib.
Müxbir - Elcan Məmmədov