Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO
Ağdam, 20 noyabr, AZƏRTAC
Doğma yurda qayıdaraq uşaqlıq xatirələrini yenidən yaşamaq, illər boyu həsrətində olduğun torpaqlara qovuşmaq insana sözlə ifadəsi çətin olan duyğular yaşadır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayon sakini Fəxrəddin Hacıbəyli bildirib.
O deyib: “Elə duyğular var ki, onları sözlə ifadə eləmək çox çətin olur. Mən bu gün həmin duyğuları yaşayıram. Mən söz adamıyam, uzun illər dövlət televiziyasında çalışmışam və Qarabağdan silsilə verilişlərim olub. Xanəndələr Qədir Rüstəmov, Arif Babayev, məşhur gitara ifaçısı Rəmiş, dünya çempionu Ceyhun Məmmədov, o cümlədən Qarabağda, Ağdamda doğulub böyümüş digər insanlar haqqında filmlərim və verilişlərim olub. Həmin verilişlərin hamısının sonunda deyirdim ki, inanırıq, biz o torpağa, yurd yerinə qayıdacağıq. Allah-taala səsimizi eşitdi, bizi yurd yerimizə qaytardı”.
O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusuna daha böyük qüdrət, qazilərə və veteranlara isə cansağlığı arzulayıb, şəhidlərə Allahdan rəhmət diləyərək onların əziz xatirəsi qarşısında baş əydiyini bildirib.
F.Hacıbəyli gələcək nəsillərin müstəqil və bütöv Azərbaycanda yaşamasından sevinc duyduğunu qeyd edib: “Sevinirəm ki, gələcək nəsillər, bizim övladlarımız, nəvələrimiz belə bir gözəl məkanda, müstəqil Azərbaycanda, bütöv Azərbaycanda yaşayırlar. Mən bütün ağdamlılara cansağlığı arzulayıram. Bütün Azərbaycana, Türk dünyasına ən böyük arzularımı bildirirəm ki, Tanrı bir də bizi pis günlərlə sınağa çəkməsin”.
Müxbir - Tahir Ağaməmmədov