Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO
Biləsuvar, 21 noyabr, AZƏRTAC
Biləsuvar rayonunda 6-cı “Hindquşu – Mətbəx Festivalı” təşkil olunub. Festivalda hindquşu ətindən hazırlanan təamlarla yanaşı, yerli kənd təsərrüfatı məhsulları, milli sənətkarlıq nümunələri və müxtəlif mədəni təqdimatlar nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Dövlət Turizm Agentliyinin və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalın əsas məqsədi quşçuluq sahəsinin inkişafına dəstək göstərmək, milli mətbəxi təbliğ etmək və regionun turizm potensialını tanıtmaq olub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, fermerlər, sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər.
Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Günay Ağamalı çıxış edərək festivalın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə tədbirlər turizmin inkişafına, milli adət-ənənələrin və mədəni irsin təbliğinə, quşçuluq sahəsinin təşviqinə, habelə rayonun iqtisadi imkanlarının tanıdılmasına töhfə verir.
Festival çərçivəsində hindquşu ətindən hazırlanmış müxtəlif milli təamlar təqdim olunub. Yemək müsabiqəsində fərqlənən iştirakçılar xüsusi mükafatlarla təltif ediliblər. Qonaqlar Çin və özbək mətbəxinin nümunələri, eləcə də amerikansayağı hindquşu ləvəngisi ilə tanış olublar.
Tədbir iştirakçılarına yerli kənd təsərrüfatı məhsullarından ibarət satış yarmarkası təqdim edilib, kənd həyatını əks etdirən xüsusi guşə nümayiş olunub. Festival proqramında milli adət-ənənələri yaşadan toy mərasimlərinə də yer ayrılıb.
Bununla yanaşı, darts, nərd, tir atıcılığı, oxatma və kəndirdartma yarışları təşkil edilib. Kəndirbazlar və pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Müxtəlif əl işləri, rəsm əsərləri, Basqal şirniyyatları və kəlağayı nümunələri sərgilənib.
Bölgənin ekoturizm imkanlarını əks etdirən fotosərgi, sənətkarların əl işləri və həsirçilik nümunələri də ziyarətçilərin diqqətinə çatdırılıb. Festival milli və xarici musiqi nümunələrinin səsləndirilməsi, rəqs kollektivlərinin çıxışları ilə davam edib.
Müxbir - İlkin Adıyev