Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Bakıda şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalar arasında təşkil olunan 5-ci ənənəvi minifutbol turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-dan davam edən yarış Dövlət Müstəqilliyinin Bərpası Günü və Zəfər Gününə həsr olunub.
Noyabrın 21-də Bakı Tennis Akademiyasının stadionunda keçirilən bağlanış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra turnirin final qarşılaşması keçirilib. Həlledici oyunda “Əmirxeyir” və ATV komandaları üz-üzə gəliblər. AFFA-nın hakimləri Elgün Hüseynov və Rza Məmmədovun idarə etdiyi görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Əmirxeyir” komandası turnirin qalibi olub.
Final qarşılaşmasından sonra bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Tədbirin təşkilatçısı, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov turnirin yüksək səviyyədə təşkilinə və keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirib. O, bütün komandaların yarışda böyük əzmkarlıq nümayiş etdirərək əsl idman mübarizəsi apardıqlarını vurğulayıb, həmçinin tamaşaçıların turnirə göstərdiyi marağı yüksək qiymətləndirib.
Mərasimdə Milli Məclisin deputatları Rizvan Nəbiyev, Azər Allahverənov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, veteran futbolçular Maşallah Əhmədov və Asif Əliyev, həmçinin digərləri çıxış edərək turnirin əhəmiyyətindən söz açıblar.
Mükafatlandırma mərasimində birinci yeri tutan “Əmirxeyir”, ikinci olan ATV və üçüncü yeri qazanan “AnewZ” komandalarına kubok, medal, təşəkkürnamə, xatirə hədiyyələri və jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı təqdim edilib. Təşəkkürnamə ilə təltif edilənlər arasında AZƏRTAC-ın futbol komandası da olub.
Turnirin “Ən nümunəvi komanda” nominasiyasında BAKU.WS, “Ən yaxşı oyunçu” nominasiyasında Tural Nağıyev ("Əmirxeyir"), “Ən çox qol vuran” nominasiyasında Famil Hüseynov (ATV) qalib olublar. “Ən yaxşı qapıçı” nominasiyasının qalibi Rauf Məhəmmədov da mükafatlandırılıb.
Qeyd edək ki, turnir Ardanış Futbol Məktəbi və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyası və “Azfar Group”un dəstəyi, bir sıra media qurumlarının informasiya dəstəyi ilə keçirilib.
Xatırladaq ki, turnirin məqsədi Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə, Salatın Əsgərova, Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsini yad etməkdir.