SİYASƏT
Buxarestdə ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir VİDEO
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Rumıniyanın Buxarest şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Xiyabanında Azərbaycan xalqının ümummilli liderinin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın Buxarestdəki səfirliyinin, Heydər Əliyev Fondunun, Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, türk-tatar icmasının təmsilçiləri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun Buxarest şəhərindəki büstü önünə əklillər qoyulmuşdur.
Mərasimdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi Tehran Şükürov dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkədə sabitliyin bərqərar edilməsində, iqtisadi-sosial inkişafın təmin olunmasında, demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında, respublikamızın regionda və dünyada mövqelərinin güclənməsində Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən bəhs etmiş, bu siyasətin hazırda uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırmışdır.
Həmin gün tədbir iştirakçıları Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyini ziyarət etmişlər. Nümayəndəliyin direktoru İqbal Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, sabitliyin bərqərar olunmasında xidmətlərindən bəhs etmişdir. O, həmçinin Heydər Əliyevin adını daşıyan Fondun çoxşaxəli humanitar xeyriyyəçilik fəaliyyətindən danışmışdır.
Tədbir iştirakçıları burada AZƏRTAC-ın multimedia və videoxəbər şöbəsi tərəfindən hazırlanmış “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var” sənədli filminə də baxmışlar.