İQTİSADİYYAT
ARDNŞ VƏ UGE-LANSER RTİ. LTD. ŞİRKƏTİ ARASINDA BALAXANI-SABUNÇU-RAMANA VƏ KÜRDƏXANI NEFT YATAQLARININ DAXİL OLDUĞU BLOKUN BƏRPASI, İŞLƏNMƏSİ VƏ HASİLATIN PAY BÖLGÜSÜ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti arasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.
Sazişi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “UGE-LANSER-RTİ. LTD” şirkətinin baş meneceri Lother Tauşke imzalamışlar.
Sənədin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, şirkət ölkənin quru sahələrində neft-qaz yataqlarının bərpası və işlənməsi layihələrinə ciddi diqqət yetirir. Bu istiqamətdə daha bir layihənin - Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin işlənməsini reallaşdırmaq üçün 2008-ci il martın 17-də ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti qarşılıqlı anlaşma haqqında Memorandum imzalamış və həmin sənədə əsasən, tərəflər danışıqlar apararaq Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsiplərini və şərtlərini razılaşdırmışlar.
R.Abdullayev diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli Sərəncamına uyğun olaraq, ARDNŞ-ə Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddətdə ölkəmizin mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir.
ARDNŞ prezidenti demişdir ki, Sərəncamın icrası istiqmətində “UGE-LANSER-RTİ. LTD” şirkəti ilə aparılmış danışıqlar uğurla başa çatdırılmış, yekun sənəd hazırlanmış və nəhayət məlum saziş bu gün imzalanmışdır.
Rövnəq Abdullayev bildirmişdir ki, ümumi sahəsi 16,14 kvadratkilometr təşkil edən Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti arasında imzalanmış sazişdə “UGE-LANSER-RTİ. LTD” şirkətinin iştirak payı 75 faiz, ARDNŞ-in Ortaq Neft Şirkətinin payı isə 25 faiz müəyyən edilmişdir. Məsrəflərin əvəzinin ödənilməsindən sonra qalan mənfəət karbohidrogenlər ARDNŞ ilə Podratçı arasında “R”-faktoru mexanizminə əsasən bölüşdürüləcəkdir. Burada Azərbaycan tərəfinə düşən pay 55 faizdən 92,5 faizə kimi artacaqdır.
ARDNŞ prezidenti demişdir ki, sazişə əsasən qeyd olunan neft yataqları blokunun işlənmə və hasilat dövrü 25 il müddətinə müəyyən edilmişdir. Həmin müddət başa çatdıqdan sonra işlənmə və hasilat dövrü, əgər ARDNŞ təsdiq edərsə, daha 5 il uzadıla bilər.
Bildirilmişdir ki, 1871-ci ildən işlənmədə olan Balaxanı-Sabunçu-Ramana yatağından indiyədək 9549 quyu qazılmış, 271 milyon ton neft çıxarılmışdır. Yatağın qalıq çıxarıla bilən neft ehtiyatı 7,3 milyon ton həcmində qiymətləndirilir. Hazırda “Balaxanıneft” NQÇİ-nin balansında olan yatağın istismar fondunda 1124 işlək, 328 fəaliyyətsiz quyu vardır.
R.Abdullayev məlumat vermişdir ki, Balaxanı-Sabunçu-Ramana neft yatağından 8 kilometr şimalda yerləşən “Kürdəxanı” yatağında 1914-1947-ci illərdə geoloji axtarış və kəşfiyyat işləri aparılmış, indiyədək burada 59 quyu qazılmış və 198 min ton neft çıxarılmışdır. Yatağın qalıq çıxarıla bilən neft ehtiyatı 205 min tondur.
“UGE-LANSER-RTİ. LTD” şirkətinin baş meneceri Lother Tauşke təmsil etdiyi qurumun artıq 5 ildir ki, ARDNŞ ilə birgə ekolmühəndislik xidməti sahəsində layihələr həyata keçirdiyini diqqətə çatdırmışdır. Lother Tauşke əvvəlki layihələr kimi, bu gün imzalanan sazişin də uğurlu olacağına inandığını bildirmişdir.