CƏMİYYƏT
Masallılı gənclər böyük həvəslə hərbi xidmətə gedirlər VİDEO
Masallı, 7 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2013-cü il 14 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da gənclər təntənəli surətdə hərbi xidmətə yola salınırlar.
AZƏRTAC xəbər verir ki, yanvarın 7-də bu münasibətlə Masallı şəhərindəki Bayraq Meydanında mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polkovnik-leytenant Cahangir İbrahimov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açmış, hərbi xidmətə yola düşən gənclərə tövsiyə və tapşırıqlarını vermişdir.
Qeyd olunmuşdur ki, milli ordumuz regionda aparıcı güc strukturuna çevrilmiş, xalqımız Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə edilən, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan bir qüvvə kimi böyük inam bəsləyir.
Mərasimdə çıxış edənlər hərbi xidmətə yola düşən gənclərə yaxşı yol arzulamış, onlara nümunəvi xidmət etməyi, Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə etmişlər.
Rayonun bədii özfəaliyyət kollektivləri mərasimdə konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin sonunda çağırışçı-gənclər üçrəngli Azərbaycan bayrağının və müqəddəs Quranı-Kərimin altından keçərək avtobuslarla hərbi hissələrə yola düşmüşlər.