CƏMİYYƏT
Azərbaycanın dövlət sərhədini pozduqları üçün 32 nəfər saxlanılmışdır VİDEO
Bakı, 14 yanvar (AZƏRTAC). Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2013-cü ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 32 nəfər saxlanılmışdır. Onların 12-si Azərbaycan, 10-u Özbəkistan, 4-ü Gürcüstan, 2-si Tacikistan, ikisi Nigeriya, biri İran, biri isə Ukrayna vətəndaşı olmuşdur.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 11 kiloqram 493 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 153 min 380 manat olan qaçaqmal, o cümlədən 16 millimetrlik iki tüfəng, 80 qutu piston, 3 pnevmatik tapança, 1600 pnevmatik patron, 27 min 683 pirotexniki vasitə, 1000 qram qızıl, 16 qızıl zinət əşyası, 1879 qutu siqaret, 2 qayıq, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.