REGİONLAR
Azərbaycanın kənd təsərrüfatı naziri Berlində keçirilən beynəlxalq “Yaşıl Həftə” sərgisində ölkəmizin stendinin açılışında iştirak etmişdir VİDEO
Bakı, 18 yanvar (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində və sərgi çərçivəsində kənd təsərrüfatı nazirlərinin altıncı Berlin sammitində iştirak etmək məqsədi ilə Almaniyada səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nazir Heydər Əsədov “Yaşıl Həftə” sərgisində Azərbaycanın stendinin açılışında iştirak etmişdir. Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix və Berlin şəhərinin meri Klaus Voverayt Azərbaycanın stendinə baxmış, ölkəmizə məxsus müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları ilə maraqlanmışlar.
Ölkəmiz bu il sərgidə 9 şirkətlə 100-dən çox çeşiddə kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmsil olunmuşdur. Bununla yanaşı, sərgidə Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər nümayiş etdirilmişdir. 1926-cı ildən təşkil olunan “Yaşıl Həftə” sərgisi ərzaq və kənd təsərrüfatı üzrə ən böyük sərgidir və ölkəmiz bu sərgidə artıq yeddinci dəfə təmsil olunur.
Sonra nazir Heydər Əsədov Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyində ekspertlərlə görüş keçirmişdir. Görüşdə Almaniyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və səfirliyin müşaviri Rizvan Nəbiyev iştirak etmişdir.
Yanvarın 18-də nazir Heydər Əsədovun kənd təsərrüfatı nazirlərinin Berlin sammitində iştirakı nəzərdə tutulmuşdur.