SİYASƏT
500 SEÇKİ MƏNTƏQƏSİNDƏ SEÇKİNİN GEDİŞİNİ MSK-NIN İNTERNET SƏHİFƏLƏRİNDƏN İZLƏMƏK MÜMKÜN OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) geniş ictimaiyyət tərəfindən səsvermə günü seçkinin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün lazımi şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədi ilə əlavə tədbirlərin görülməsini zəruri hesab etmiş və seçki məntəqələrinin bəzilərində veb-kameraların quraşdırılması barədə qərar çıxarmışdır.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, komissiyanın 2008-ci il oktyabrın 8-də keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 500 seçki məntəqəsində veb-kameraların quraşdırılması nəzərdə tutulmuşdur. Veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulacaqdır. Arzu edən hər bir şəxs səsvermə günü Mərkəzi Seçki Komissiyasının internet saytları vasitəsilə veb-kameralar quraşdırılmış seçki mənətəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən sonadək izləmək imkanı əldə edəcəkdir. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilmişdir.