ELM VƏ TƏHSİL


Görkəmli alim Səidə İmanzadənin anadan olmasının 100 illiyi qeyd edilmişdir

Bakı, 28 dekabr (AZƏRTAC). Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görkəmli alim, ictimai xadim Səidə İmanzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin Respublika Qadınlar Şurası ilə birgə təşkil etdikləri tədbirdə dövlət strukturlarının nümayəndələri, Milli Məclisin deputatları, alimlər, ziyalılar iştirak etmişlər.

Tədbiri akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qadınlar şurasının sədri Sədaqət Qurbanova açaraq alimin həyat və fəaliyyəti barədə məlumat vermişdir.

Bildirmişdir ki, S.İmanzadə 1910-cu ildə Şəkidə ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini mədrəsədə almış, Türk Qadın Sənaye Məktəbini bitirdikdən sonra 1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsinə daxil olmuşdur. O, əvvəlcə müəllim işləmiş, məktəb direktoru olmuşdur. Taleyini 1946-cı ildən Bakı Dövlət Universitetinə bağlayan S.İmanzadə tarix fakültəsinin dosenti, kafedra müdiri, dekanı və elmi müdafiə şurasının sədri vəzifələrində çalışaraq ali təhsilli kadrların hazırlanmasında xidmətlər göstərmiş, Azərbaycan elminə töhfələr vermişdir.

Diqqətə çatdırılmışdır ki, görkəmli pedaqoq 1954-cü ildə Azərbaycanda qadın azadlığı mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 75-dən çox məqalə və bir sıra kitab müəllifi olan S.İmanzadə uzun illər Bakı Şəhər Qadınlar Şurasının sədri vəzifəsində çalışmışdır.

S.İmanzadə “Əməkdar Müəllim” fəxri adına, bir sıra fəxri fərmanlara, orden və medallara layiq görülmüşdür.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, təhsil nazirinin müavini İradə Hüseynova və başqaları çıxış edərək alimin nəcib insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.