İDMAN
Avropa çempionatında iştirak edəcək yığma komandaların heyəti açıqlanmışdır
Bakı, 18 mart (AZƏRTAC). Martın 29-dan aprelin 3-dək Almaniyanın Dortmund şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcəkdir. Qitənin ən mötəbər turnirində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, 29-30 mart tarixlərində xalça üzərinə çıxacaq sərbəst güləş üzrə yığma komandamızın heyətinə Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Aqil Quliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) daxil olmuşlar. Pəhləvanlarımız baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yollanacaqlar.
Qadın güləşi üzrə yığma komandamızın heyətində Mariya Stadnik (48 kq), Anjela Doroqan (51 kq), Patimat Baqomedova (51 kq, ehtiyat), Yarina Dubovska (55 kq), Kəmalə Əliyeva (55 kq, ehtiyat), Yuliya Ratkeviç (59 kq), Olesya Zamula (63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) daxil olmuşlar. İdmançılar martın 31-dən aprelin 1-dək böyük məşqçi Kurban Kurbanov və məşqçi Arif Fərmanov rəhbərliyi altında iştirak edəcəklər.
Yunan-Roma güləşçilərimiz isə mübarizəyə 2-3 aprel tarixlərində qoşulacaqlar. Baş məşqçi Fərid Mansurov, məşqçi Akif Əliyevin rəhbərliyi ilə heyətə Eldəniz Əzizli (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) daxil olmuşlar.