SİYASƏT
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 50 dəfə pozulmuşdur VİDEO
Bakı, 31 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 50 dəfə pozulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan ordusunun bölmələri yanvarın 30-da və 31-də gecə Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Goranboy rayonunun Tap Qaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.